BAKI, AzerVoice
İngiltərə Premyer Liqasının nəhəng klubu Liverpul Almaniyanın Bayer Leverkuzen komandasında çıxış edən Florian Virtzin transferini rəsmən elan edib.
AzerVoice xəbər verir ki, klubun yaydığı açıqlamaya əsasən, 22 yaşlı alman yarımmüdafiəçi artıq qırmızıların heyətinə qoşulub.
Liverpul transferin maliyyə detalları ilə bağlı rəsmi açıqlama verməsə də, beynəlxalq idman mediasında yayılan məlumatlara görə, bu keçid üçün klubun Bayer Leverkuzenə 140 milyon avro məbləğində təzminat ödədiyi bildirilir.
Florian Virtz Bayer Leverkuzenlə 2023/2024 mövsümündə həm Bundesliqa, həm də Almaniya Kubokunu qazanaraq böyük uğur əldə edib. Gənc futbolçu Almaniya millisində 31 oyuna çıxaraq 7 qola imza atıb.
Yeni mövsümdə Liverpulun əsas oyun qurucularından biri kimi çıxış edəcəyi gözlənilən Virtzin bu transferi Premyer Liqada ən yüksək məbləğli keçidlərdən biri hesab olunur.