Əsas səhifə » "Qalatasaray" "Kayserispor"u məğlub edərək Türkiyə çempionu oldu

"Qalatasaray" "Kayserispor"u məğlub edərək Türkiyə çempionu oldu

BAKI, AzerVoice

Trendyol Superliqasının 36-cı həftəsində "Qalatasaray", öz meydanında "Kayserispor"u 3-0 hesabla məğlub edərək mövsümün bitməsinə iki həftə qalmış çempionluğunu rəsmi olaraq elan etdi.

AzerVoice xəbər verir ki, qarşılaşma İstanbuldakı RAMS Park stadionunda baş tutub.

"Qalatasaray"a qələbəni gətirən qolları 27-ci dəqiqədə Viktor Osimhen, 29-cu dəqiqədə Barış Alper Yılmaz və 89-cu dəqiqədə penaltidən Fernando Muslera vurdu.

Bu nəticə ilə Galatasaray ən yaxın izləyicisi Fənərbaxçanı 8 xal qabaqlayaraq tarixində 25-ci dəfə Türkiyə çempionu oldu. Bu uğur eyni zamanda klubun loqosuna əlavə ediləcək beşinci ulduz mənasını da verir (hər 5 çempionluğa bir ulduz).

Böyük maraqla gözlənilən bu qarşılaşmanı stadiondan 52 min 600 azarkeş izləyib.

Qeyd edək ki, "Qalatasaray" növbəti həftə İzmirə səfər edərək Gürsel Aksel Stadionunda "Göztepe" ilə qarşılaşacaq. "Kayserispor" isə "Bodrumspor"u evində qəbul edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice