BAKI, AzerVoice
Trendyol Super Liqanın 36-cı həftəsində Qalatasaray, sabah evində Kayserisporu qəbul edəcək.
AzerVoice xəbər verir ki, sarı-qırmızılılar qarşılaşmadan yalnız 1 xal qazansalar belə, mövsümün başa çatmasına 2 həftə qalmış üst-üstə 3-cü, ümumilikdə isə 25-ci çempionluqlarını rəsmiləşdirəcəklər.
Hazırda 33 matçda 27 qələbə, 5 heç-heçə və cəmi 1 məğlubiyyət yaşayan İstanbul klubu, Fənərbağçanı 8 xal qabaqlayır.
Qalatasaray mövsümün ilk dövrəsində Kayseridə keçirilən qarşılaşmada 5-1 hesabı ilə qalib gəlib. Həmin oyunda Osimhen və Barış Alper dublla, Yunus Akgün isə bir qolla yadda qalıb.
Son 8 rəsmi oyunun hamısını qazanan Qalatasaray, 29 martda Beşiktaşa uduzduqdan sonra liqada və Ziraat Türkiyə Kubokunda qələbə seriyasına başlayıb. Bu müddətdə 25 qol vurub, cəmi 4 qol buraxıb.
“Cimbom” bu mövsüm öz meydanında keçirdiyi son 16 liqa matçında məğlub olmayıb, 13 qələbə, 3 heç-heçə. Son məğlubiyyəti isə ötən mövsüm Fənərbağçaya qarşı olub.
Okan Buruk, bu mövsüm də çempion olarsa, üst-üstə 3, ümumilikdə isə 4-cü dəfə baş məşqçi kimi çempion olacaq. Buruk həm də futbolçu və məşqçi olaraq Süper Liq tarixində 11 çempionluq ilə rekordçular arasına daxil olacaq.
Qalatasaray çempionluq qazansa, Sara, Jakobs, Eren Elmalı, Frankovski, Kutucu və Berat Luş karyeralarında ilk dəfə çempion tituluna sahib olacaqlar.