BAKI, AzerVoice
Hər 10 gəncdən 3-ü süni intellektdən karyera seçimlərində istifadə edir və bu rəqəm artmaqdadır.
AzerVoice xəbər verir ki, Kariyer.net,
The Network və Boston Consulting-in "Qlobal İstedadlar Kodu"
araşdırmasına əsasən, 18-34 yaş aralığında olan gənclərin 30 faizi
karyera planlamasında süni intellekt dəstəyi ilə qərar verir.
Ümumilikdə isə iştirakçıların 85 faizi süni intellekt
məsləhətlərini faydalı və təsirli hesab edir. Süni intellekt ən çox
işə müraciət, karyera qərarları, təhsil və maliyyə idarəçiliyi kimi
sahələrdə istifadə olunur.
Kariyer.net-in baş direktoru Fatih Uysal bildirir ki, süni intellekt texnologiyaları artıq gənclərin həyatında vacib yer tutub və karyera seçimlərində yol göstərən etibarlı mənbəyə çevrilib. O, əlavə edir ki, Türkiyədə işçilərin təxminən 45 faizi, dünya səviyyəsində isə 40 faizi iş proseslərində süni intellektdən istifadə edir. Gənclərin süni intellektə olan güvəni orta səviyyədə olsa da, bu etimadın zamanla artacağı gözlənilir.
Araşdırmada iştirak edənlərin 78 faizi süni intellektin tövsiyələri əsasında qəbul etdikləri qərarlardan məmnun olduqlarını bildiriblər. Fatih Uysal qeyd edir ki, istifadəçilərin təcrübələrini daha çox paylaşması gələcəkdə süni intellekt məhsullarının daha da təkmilləşməsinə səbəb olacaq.
Süni intellektdən istifadənin daha çox peşəkar qərar vermə proseslərində üstünlük təşkil etdiyi müşahidə olunub. Şəxsi həyat qərarlarında isə bu texnologiyanın istifadəsi hələ nisbətən məhduddur.
Qeyd edək ki, süni intellektin qərarvermədə artan rolu texnologiyaların həyatımıza daha dərin nüfuz etməsinin göstəricisidir və bu sahədə gələcəkdə yeniliklərin çoxalması proqnozlaşdırılır.