BAKI, AzerVoice, Nərmin Ağayeva
Türkiyənin KAAN döyüş təyyarəsi ABŞ mətbuatında təsirli imkanları ilə diqqət çəkib.
AzerVoice xəbər verir ki, Türkiyənin yerli istehsal olan beşinci nəsil döyüş təyyarəsi KAAN, ABŞ-da nəşr olunan “National Interest” jurnalında geniş təhlil olunaraq, ölkənin bu sahədəki nailiyyətləri və təyyarənin qabaqcıl imkanları vurğulanıb. Jurnal KAAN-ı Ankaranın indiyə qədərki ən iddialı aerokosmik layihəsi kimi qiymətləndirib və onun hava üstünlüyü, dərin zərbə və şəbəkə əsaslı müharibə kimi geniş missiyaları yerinə yetirə biləcəyini qeyd edib.
Təhlildə KAAN-ın iki mühərrikli, gizli və çoxfunksiyalı dizaynı F-35 və Su-57 ilə müqayisə edilərək, təyyarənin radar gizliliyini artıran trapezoidal qanadlar, çən strukturu və daxili silah yuvası kimi xüsusiyyətləri ön plana çıxarılıb. Həmçinin, təyyarənin qabaqcıl sensor paketləri, aktiv elektron skan edilmiş massiv (AESA) radarı və elektron müharibə sistemləri ilə pilotun situasiya məlumatlılığını artıracağı bildirilib.
Jurnal Türkiyənin İndoneziya ilə 48 KAAN təyyarəsinin satışına dair müqavilə imzalamasını tarixi bir addım kimi dəyərləndirib və bu müqavilənin Türkiyəni beşinci nəsil döyüş təyyarəsi ixrac edən azsaylı ölkələr sırasına qatdığını vurğulayıb. KAAN-ın 2030-cu illərin əvvəllərində tam əməliyyat qabiliyyətinə çatacağı gözlənilir ki, bu da Türkiyəni ABŞ, Rusiya və Çindən sonra bu səviyyədə təyyarə istehsal edən dördüncü ölkə edəcək.
Qeyd edək ki, KAAN layihəsi Türkiyənin 2019-cu ildə ABŞ-ın F-35 proqramından kənarlaşdırılmasından sonra, Rusiyadan alınan S-400 sistemlərinə cavab olaraq sürətlənib və ölkənin müdafiə sənayesində müstəqilliyini gücləndirmək məqsədi daşıyır.