BAKI, AzerVoice, Fərid Mikayılov
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yaxın günlərdə həyata keçirəcəyi rəsmi Qırğızıstan səfəri ərəfəsində Oş şəhərində Qazaxıstanın Baş Konsulluğu açılıb.
AzerVoice xəbər verir ki, mərasim Qazaxıstan Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə baş tutub.
Tədbirdə Qazaxıstan xarici işlər nazirinin müavini Ermuxambet Konuspayev, Qırğızıstan xarici işlər nazirinin birinci müavini Asein İsayev, Qırğızıstan prezidentinin Oş vilayətindəki səlahiyyətli nümayəndəsi Elçibek Cantaev, Oş şəhərinin meri Jenishbek Toktorbayev, həmçinin ictimaiyyət və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.
Çıxış edən E. Konuspayev konsulluğun açılışını iki ölkə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin simvolu kimi dəyərləndirib.
“Qazaxıstan və Qırğızıstan təkcə qonşu deyil, həm də ortaq dəyərlər və sabitlik, rifah arzuları ilə birləşmiş ən yaxın tərəfdaş və müttəfiqlərdir. Dövlət başçılarının siyasi iradəsi sayəsində iki ölkə arasında nümunəvi əməkdaşlıq modeli formalaşıb”- deyə o bildirib.
O, yeni Baş Konsulluğun Qazaxıstan və Qırğızıstan xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə güclü təkan verəcəyinə əminliyini ifadə edib.
Qırğızıstan XİN rəhbərinin birinci müavini A. İsayev də konsulluğun açılışını müttəfiqlik əlaqələrinin dərinləşməsinin sübutu kimi dəyərləndirib. Onun sözlərinə görə, bu addım çoxşaxəli əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
Oş meri J. Toktorbayev isə bildirib ki, böyük Qazax şairi və mütəfəkkiri Abay Kunambayulunun 180 illiyi münasibətilə şəhərdəki küçələrdən birinə onun adı veriləcək.
Yeni Baş Konsulluğun konsulluq dairəsinə Oş, Calalabad və Batken vilayətləri daxildir. Bu bölgələrdə təqribən 3 min Qazaxıstan vətəndaşı yaşayır.
500 minə yaxın əhalisi olan Oş şəhəri Qırğızıstanın ikinci ən böyük şəhəri olmaqla yanaşı, ölkənin cənub bölgəsinin mühüm inzibati, iqtisadi və mədəni mərkəzi sayılır.