BAKI, AzerVoice, Fərid Mikayılov
Türkmənistanın xarici işlər naziri və Nazirlər Kabineti sədrinin müavini Rəşid Meredov ABŞ-ın dövlət katibi Marko Rubio ilə Vaşinqtonda görüş keçirib.
AzerVoice xəbər verir ki, görüşdə ABŞ tərəfi dostluq münasibətlərinin və ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi niyyətini ifadə edib.
Rubio “C5+1” formatının — ABŞ ilə Mərkəzi Asiya ölkələri arasında iqtisadiyyat, enerji və ekoloji sahələrdə əməkdaşlıq platformasının — xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Danışıqlarda ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətləri, həmçinin regional və beynəlxalq gündəmdəki mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Türkmənistan ilə ABŞ arasında diplomatik əlaqələr 1992-ci il aprelin 10-da qurulub. Bu müddət ərzində iki ölkə BMT, ATƏT, BVF və Dünya Bankı kimi nüfuzlu qurumlarda əməkdaşlıq edib, qarşılıqlı təşəbbüsləri dəstəkləyib. Regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi ön plana çıxır.
Son illərdə tərəflər arasında əməkdaşlıq “Türkmənistan–ABŞ İşgüzar Şurası” çərçivəsində də genişlənib. 2008-ci ildə yaradılan Şura ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət edir. ABŞ-ın “John Deere”, “Case New Holland”, “General Electric”, “Boeing” və “Caterpillar” kimi aparıcı şirkətləri Türkmənistan bazarında strateji layihələr həyata keçirirlər.