BAKI,AzerVoice, Fərid Mikayılov
Venesuela Prezidenti Nikolas Maduro bu gün ABŞ-ın Nyu-York şəhərində məhkəmə qarşısına çıxacaq.
AzerVoice xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına əsasən, Maduro, həyat yoldaşı, oğlu Nikolas Maduro Guerra, Venesuelanın daxili işlər naziri Diosdado Cabello, keçmiş daxili işlər naziri Ramon Rodriqez Çacín və “Tren de Araqua” cinayət qruplaşmasının lideri Hector Rusthenford Guerrero Flores barəsində tərtib edilmiş ittiham aktı üzrə məxfilik əvvəlki gün aradan qaldırılıb.
Bildirilib ki, ilk dəfə 2020-ci ildə, ABŞ Prezidenti Donald Trampın ilk prezidentliyi dövründə elan edilən ittiham aktının yenilənmiş versiyasında Maduraya dörd ayrı ağır cinayət maddəsi üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, Yanvarın 3-də Venesuelanın paytaxtı Karakasda gecə saatlarında partlayış səsləri və hərbi təyyarələrin uçuşu qeydə alınmışdı. Rəsmi Karakas baş verən hadisələrdən sonra ABŞ-ı ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə zərbələr endirməkdə ittiham etmişdi.
ABŞ Prezidenti Donald Tramp isə Venesuelaya qarşı genişmiqyaslı əməliyyat keçirildiyini, Prezident Nikolas Maduro və həyat yoldaşı Cilia Floresin ölkə xaricinə çıxarıldığını bəyan etmişdi.
ABŞ-ın baş prokuroru Pam Bondi də açıqlamasında Maduro və həyat yoldaşı barəsində rəsmi ittihamların irəli sürüldüyünü təsdiqləyib. Onun sözlərinə görə, Maduraya qarşı “narkotik-terror fəaliyyəti”, “külli miqdarda kokain qaçaqmalçılığı”, “ABŞ-a qarşı avtomatik silah və dağıdıcı qurğulara sahib olma” kimi ağır cinayətlər üzrə ittihamlar mövcuddur.
Venesuela hakimiyyəti baş verənləri “suverenliyə açıq təcavüz” adlandıraraq beynəlxalq ictimaiyyəti ABŞ-ı qınamağa çağırıb. Bir sıra ölkələr ABŞ-ın hərəkətlərini tənqid etsə də, bəzi dövlətlər verdikləri açıqlamalarla Vaşinqtona dəstək nümayiş etdirib.
Nyu-Yorkda başlayacaq məhkəmə prosesi Venesuela–ABŞ münasibətlərində yeni və daha dərin siyasi-hüquqi mərhələ kimi qiymətləndirilir.
