BAKI,AzerVoice, Fərid Mikayılov
İranın xarici işlər naziri Abbas Əraqçi, BMT Təhlükəsizlik Şurasında sanksiyaların bərpasını nəzərdə tutan “snapback mexanizmi”nin işə salınması halında İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında imzalanan yeni razılaşmanın ləğv olunacağını açıqlayıb.
AzerVoice xəbər verir ki, Əraqçi jurnalistlərə açıqlamasında bildirib ki, razılaşma yalnız İranın nüvə obyektlərinə edilən son hücumlar və ABŞ-İsrail təzyiqləri fonunda yaranmış “yeni şəraiti” nəzərə alır.
Nazir vurğulayıb ki, sənəd yalnız Buşehr atom elektrik stansiyasında yanacağın dəyişdirilməsi prosesinə nəzarət üçün məhdud giriş imkanı tanıyır və bundan başqa MAQATE inspektorlarına əlavə səlahiyyət verilmir.
“Razılaşma sənədi, yalnız İrana qarşı hər hansı düşmənçilik addımı atılmadığı müddətcə qüvvədə qalacaq. Əgər ‘snapback mexanizmi’ işə salınarsa, bu sənədin icrası dərhal dayandırılacaq” – deyə o bildirib.
Nazir xatırladıb ki, iyunda İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumlardan sonra Tehran, əməkdaşlığın əvvəlki qaydada davam edə bilməyəcəyini açıq şəkildə bildirib.
“Biz MAQATE ilə müzakirələrdə vurğuladıq ki, əvvəlki formatda əməkdaşlıq mümkün deyil, yeni şərtlərə uyğun çərçivə müəyyənləşdirilməlidir”- deyə İran rəsmisi qeyd edib.
Yeni sənəd çərşənbə axşamı Qahirədə Abbas Əraqçi ilə MAQATE baş direktoru Rafael Qrossi arasında imzalanıb. Tehran bildirir ki, razılaşma yalnız İrana qarşı yeni sanksiya və ya təzyiqlər olmadığı halda qüvvədə qalacaq.