BAKI, AzerVoice, Fərid Mikayılov
Almaniya Bundesliqasının çempionu Bavariya 2022-ci ildə Barselonanın gənc istedadı Lamin Yamalı heyətinə qatmaq üçün ciddi planlar qurub.
AzerVoice xəbər verir ki, klub rəhbərliyi oyunçunun ailəsini Almaniyaya köçürərək, 16 yaşı tamamlandıqdan sonra təxminən 5 milyon avro qarşılığında transferi həyata keçirməyi planlaşdırırdı.
Lakin super-agent Jorje Mendesin müdaxiləsi bu planı son anda pozub.
O, dövrdə Bavariyanın idman direktoru Hasan Salihamidzic və texniki direktor Marko Neppe, Madridə gələrək Yamalın keçmiş meneceri İvan de la Pena ilə gizli görüşlər keçirib. Münhen təmsilçiləri, oyunçunun ailəsini Almaniyaya gətirib uyğunlaşdırmaq və 2023-cü ildə rəsmi transferi rəsmiləşdirmək üçün uzunmüddətli plan hazırlamışdılar.
Bu mərhələdə transfer bazarının tanınmış agenti Jorge Mendes Yamalın menecerliyini üzərinə götürərək Bavariyanın ümidlərini boşa çıxarıb. Barselona isə vəziyyətə dərhal reaksiya verərək gənc futbolçunun ilk komandaya inteqrasiyasını sürətləndirib. Yamal, 15 yaş 9 ayında Kamp Nouda rəsmi debüt edərək klubla emosional bağlarını möhkəmləndirib.
2023-cü ildə imzalanan yeni müqavilə ilə oyunçunun sərbəst qalma məbləği 1 milyard avro müəyyən edilib və bu da digər klubların transfer imkanlarını praktiki olaraq aradan qaldırıb.