BAKI, AzerVoice, Nailə Babazadə
Yəməndəki husilər İsrailin Səna şəhərinə endirdiyi hücumların böyük bir hissəsinin hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edildiyini, lakin mülki şəxslər arasında ölən və yaralananların olduğunu açıqlayıblar.
AzerVoice xəbər verir ki, Husilərin nəzarətində olan SABA xəbər agentliyi, Husilərin Hərbi sözçüsü Yəhya Sərinin mövzu ilə bağlı açıqlamasını yayımlayıb.
Səri bildirib ki, İsrailin hücumlarına qarşı yer-hava tipli raketlərlə cavab verilib və bu müdafiədən sonra bəzi döyüş təyyarələri hədəfə çatmadan bölgəni tərk etmək məcburiyyətində qalıb.
İsrailin Səna şəhərini hədəf alan hücumlarının böyük bir hissəsinin dəf edildiyini deyən Səri, “raket platformalarının vurulduğu” iddialarını isə təkzib edib.
O qeyd edib ki, hücumlar zamanı “26 Sentyabr” və “Əl-Yəman” qəzetləri də daxil olmaqla tamamilə mülki obyektlər hədəfə alınıb.
Səri, hücum nəticəsində jurnalistlərin, mülki vətəndaşların və hadisə yerindən keçən şəxslərin arasında ölən və yaralananların olduğunu bildirib və bu "vəhşi hücumun cəzasız qalmayacağını" vurğulayıb.
Digər tərəfdən, Yəmənin Ali Siyasi Şurasının sədri Mehdi əl-Meşat, İsrailin Yəmənə qarşı həyata keçirdiyi bu "vəhşi" hücumun uğursuz olduğunu qeyd edib və əlavə edib, "Bütün siyonistlər hazır olmalıdır, çünki cavab mütləq gələcək."
Meşat əlavə edib ki, bu hücum İsrailə qarşı əllərindəki bütün imkanlarla cavab vermək imkanı yaradıb.
Xatırladaq ki, İsrail ordusu son 48 saat ərzində Suriya və Qətərdən sonra Yəmənin paytaxtı Sənaya da hava hücumu həyata keçirmişdi.
İsrail ordusunun açıqlamasında, Səna və Cövf bölgələrində husilərə məxsus hədəflərə hücum edildiyi və bu hədəflər arasında hərbi düşərgələr, Hərbi İctimaiyyətlə Əlaqələr Mərkəzi və bir yanacaq anbarının olduğu iddia olunmuşdu.