BAKI, Azervoice, Nərmin Ağayeva
Yaponiyada əhali 2024-cü ildə rekord 908 min nəfər azalıb, ölkədə təxminən 4 milyon ev boş qalıb.
Azervoice xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən il əhali 0,75 faiz azalaraq 120 milyon 65 min nəfərə düşüb. Bu, 1968-ci ildən bəri aparılan statistikada ən böyük azalma olub. Baş nazir Şigeru İşiba vəziyyəti “sakit fövqəladə vəziyyət” adlandıraraq, ailəyə dəstək tədbirləri – daha çevik iş saatları və pulsuz uşaq baxımı kimi planları açıqlayıb.
Rəsmi rəqəmlərə əsasən, 65 yaşdan yuxarı əhali ümumi əhalinin 30 faizini təşkil edir. Əcnəbi sakinlərin sayı isə 3,67 milyon nəfərə çataraq rekord həddə yüksəlib. Əhalinin azalması kənd icmalarında tərk edilmiş evlərin sayını artırıb – son 20 ildə bu göstərici təxminən 4 milyona çatıb.
Qeyd edək ki, Dünya Bankının məlumatına görə, Yaponiya Monakodan sonra dünyanın ən yaşlı ikinci əhalisinə malikdir və uzunmüddətli demoqrafik problemlərlə üz-üzədir.