Əsas səhifə » Cənubi Koreya və Yaponiya arasında mübahisə Dokdo adaları ilə bağlı gərginlik dərinləşir

Cənubi Koreya və Yaponiya arasında mübahisə Dokdo adaları ilə bağlı gərginlik dərinləşir

BAKI, AzerVoice

Cənubi Koreya hökuməti, Yaponiyanın Yapon dənizindəki mübahisəli Dokdo (Takeşima) adaları üzərində suverenlik iddiasını bir daha gündəmə gətirməsinə sərt reaksiya verib.

AzerVoice xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məlumata görə, Cənubi Koreya Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilib ki hökumət, Yaponiyanın Dokdo adalarına dair əsassız suverenlik iddiasını təkrar etməsinə qəti şəkildə qarşı çıxır.

Açıqlamada adaların tarix, coğrafiya və beynəlxalq hüquq baxımından Cənubi Koreyaya məxsus olduğu vurğulanıb və Yaponiyaya bu iddialardan dərhal imtina etməsinə dair çağırış edilib.

Nazirlik həmçinin qeyd edib ki, Yaponiyanın Dokdo adaları ilə bağlı atacağı hər hansı təxribat xarakterli addıma Cənubi Koreya tərəfindən sərt cavab veriləcək.

Bununla yanaşı, Seul hökumətinin gün ərzində Yaponiyanın Cənubi Koreyadakı səfirliyindən bir nümayəndəni çağıraraq rəsmi etirazını bildirməsi gözlənilir.

Qeyd edək ki, Yaponiya öz müdafiə sənədlərində Takeşima adlandırdığı əraziyə yer verərək bu adaların Yaponiyaya məxsus olduğunu irəli sürür.

Cənubi Koreyanın Dokdo, Yaponiyanın isə Takeşima adlandırdığı bu kiçik ada qrupu uzun illərdir iki ölkə arasında diplomatik gərginliyə səbəb olur. Ümumi sahəsi 0,2 kvadrat kilometr olan bu ərazi 1954-cü ildən bəri Cənubi Koreyanın faktiki nəzarətindədir və burada daimi təhlükəsizlik qüvvələri yerləşdirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice