BAKI, Azervoice, Nərmin Ağayeva
Cənubi Koreya ABŞ-la müttəfiqliyi qoruyaraq Çinlə münasibətləri yaxşılaşdırmaq istəyir.
Azervoice xəbər verir ki, Cənubi Koreya ABŞ-la strateji tərəfdaşlığı davam etdirərək Çinlə əlaqələri inkişaf etdirməyi hədəfləyir.
Yonhap agentliyinin məlumatına görə, Prezident Administrasiyası xarici işlər naziri Ço Hyunun Çin mövzusundakı açıqlamalarına münasibət bildirib.
Bəyanatda qeyd olunub ki, Çonun fikirləri Seulun Çinlə regional sabitlik, iqtisadi rifah və ikitərəfli əməkdaşlıq məqsədilə münasibətləri möhkəmləndirməyə yönələn siyasətinin bir hissəsidir. Çinlə əlaqələrin ABŞ-la müttəfiqliyə zidd olmadan irəlilədiyi vurğulanıb.
Nazir Ço ötən həftə “Washington Post” qəzetinə müsahibəsində Çinin iddialı addımlarının bölgədə gərginliyə səbəb olduğunu bildirib. O, Pekinin təcrid edilməsinin doğru yanaşma olmadığını, əksinə, ABŞ və Yaponiya ilə koordinasiya şəklində konstruktiv münasibətlər qurmağın vacibliyini vurğulayıb.
Qeyd edək ki, Seulun bu mövqeyi həm regional təhlükəsizlik, həm də iqtisadi maraqlar baxımından balanslı siyasət axtarışlarının davam etdiyini göstərir.