BAKI, Azervoice, Nərmin Ağayeva
Bolqarıstanın cənubundakı Sakar dağında 30 min hektar əraziyə yayılan yanğınla mübarizə davam edir.
Azervoice xəbər verir ki, Bolqarıstanın Haskovo vilayətində baş verən yanğın iki gündür davam edir və atılan siqaret kötüyünün səbəb olduğu bildirilir. Qubernator Stefka Zdravkova mətbuata verdiyi açıqlamada, güclü və isti küləyin yanğınla mübarizə səylərinə mənfi təsir göstərdiyini bildirib. Yanğın beynəlxalq Meriç şossesini keçərək, yolun bir hissəsinin müvəqqəti bağlanmasına səbəb olub.
Yanğın nəticəsində rayonun dörd yaşayış məntəqəsində qismən fövqəladə vəziyyət elan olunub. Söndürmə işlərində Bolqarıstan Silahlı Qüvvələrinə məxsus iki helikopter, İsveçdən göndərilən iki təyyarə, 17 yanğınsöndürən maşın, həmçinin çoxsaylı şəxsi heyət və könüllülər iştirak edir. Yanğın xüsusilə Sakar dağının əlçatmaz bölgələrinə yayılıb və söndürmə işləri çətinliklərlə üzləşir.
Qeyd edək ki, yanğın Avropada yay mövsümündə baş verən genişmiqyaslı meşə yanğınlarının bir hissəsidir və mövsümi quraqlıq şəraitində təhlükə səviyyəsini artırır.