BAKI, Azervoice, Nərmin Ağayeva
Fransanın Aude bölgəsində 13 min hektar ərazini yandıran meşə yanğını hələ də nəzarət altına alınmayıb.
Azervoice xəbər verir ki, ölkənin cənubundakı Ribaute şəhərində başlayan və külək ilə yüksək temperatur səbəbindən sürətlə yayılan yanğın “Fransada yayın ən böyük yanğını” kimi qiymətləndirilir. Hadisə nəticəsində bir nəfər həyatını itirib, doqquz nəfər, o cümlədən yeddi yanğınsöndürən xəsarət alıb.
Təxminən 2000 yanğınsöndürən, iki təyyarə və dörd helikopter yanğının qarşısını almağa çalışır. Onlarla yaşayış məntəqəsi təxliyə olunub, bəzi yollar nəqliyyat üçün bağlanıb. İlkin ehtimallara görə, yanğının insan səhvi nəticəsində başladığı güman edilir.
Qeyd edək ki, Aude bölgəsində iyul ayında da bir neçə böyük yanğın baş vermiş, Narbonne yaxınlığında 2000 hektar, Sigean qəsəbəsində isə 600 hektar ərazi yanaraq külə dönmüşdü.