BAKI, AzerVoice, Nailə Babazadə
İspaniyanın cənubundakı Kadis şəhərinə bağlı məşhur turizm bölgəsi Tarifada iki gündür davam edən meşə yanğınları səbəbindən 1500-dən çox insan evlərindən və ya otellərdən təxliyə olunub.
AzerVoice xəbər verir ki,Endülüs muxtar bölgəsinin Daxili İşlər, Sosial Dialoq və Dövlət İdarəçiliyi naziri Antonio Sanz bildirib ki, Tarifada yerləşən "Torre la Pena II" düşərgə zonasından başlanan və sürətlə yayılan yanğınlara görə min 500 -dən çox insan təxliyə edilib, 5 minə yaxın nəqliyyat vasitəsi ərazidən uzaqlaşdırılıb.
İspaniya mediasına açıqlama verən Sanz, "çətin və gərgin bir gecə yaşandı, vəziyyət kritikdir", – deyərək yanğınsöndürmə işlərinə 17 təyyarə və helikopterin cəlb olunduğunu qeyd edib.
Digər tərəfdən, ölkənin şimalındakı Navarra bölgəsində dünən başlayan meşə yanğınının söndürülməsi üçün həm havadan, həm də qurudan işlərin davam etdiyi bildirilib.
Qeyd edək ki, 3 avqustdan bəri şiddətli istilər səbəbindən xəbərdarlıq vəziyyətində olan Portuqaliyanın şimalındakı Vila Real bölgəsində üç gündür davam edən meşə yanğınının nəzarət altına alındığı açıqlanıb.
Portuqaliya dövlət televiziyası RTP-yə danışan coğrafiya üzrə mütəxəssis Joze Alberto Rio Fernandes bildirib ki, “Bu il təxminən 42 min hektar meşəlik sahə yanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 dəfə çoxdur.”
Bu arada, yanğınsöndürmə əməliyyatlarında hava nəqliyyat vasitələrinin çatışmazlığı ölkədə müzakirələrə səbəb olub.
Portuqaliya milli mediasının yazdığına görə, Hərbi Hava Qüvvələrinin hal-hazırda Mülki Müdafiə sisteminə daxil edə biləcəyi 3 təyyarə və 7 helikopteri mövcuddur. Lakin hökumət kənd yanğınları ilə mübarizə üçün tələb olunan ehtiyat hissələrini almadığı üçün bu hava vasitələri hələlik istifadəyə verilə bilməyib.
İber Yarımadasında təsirli olan və 42 dərəcəyə çatan yeni istilik dalğasının sabahdan etibarən zəifləməyə başlayacağı gözlənilir.