BAKI, AzerVoice, Zeynəb Raminqızı
Avazada davam edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində “Azərbaycan milli günü” keçirilib.
Tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədəni və mənəvi irsini beynəlxalq ictimaiyyətə təqdim etməkdir.
Açılışı keçirilən "Azərbaycanın milli irsinin inciləri” adlı sərgi ziyarətçilərin böyük marağına səbəb olub. Sərgidə Azərbaycan xalçaçılıq ənənələri və müxtəlif xalça məktəblərinə aid nümunələr, milli geyimlər, kəlağayı, şəbəkə və tikmə sənəti inciləri təqdim edilib.
Ziyarətçilər sənət əsərlərini izləməklə yanaşı, xalça toxuma, şəbəkə düzəltmə, kəlağayı bəzəmə və zərgərlik üzrə ustad dərslərində də iştirak ediblər. Sərgi məkanında eyni zamanda canlı musiqi ifaları və milli rəqslər nümayiş olunub.
Tədbirin kulinariya zonası da ziyarətçilərin böyük marağına səbəb olub. Burada milli yemək və şirniyyat nümunələrimiz təqdim edilib.
İştirakçılar bir sıra yeməklərimizin hazırlanma prosesini izləyib, onların dadına baxıblar.