BAKI, AzerVoice, Nailə Babazadə
Kanada, ölkə üzrə təxminən 6.9 milyon hektar ərazinin kül olduğu, son illərin ən şiddətli meşə yanğınlarından biri ilə mübarizə aparır.
AzerVoice xəbər verir ki, Kanadanın Təbii Sərvətlər Nazirliyi və Qurumlararası Meşə Yanğınları Mərkəzi (CIFFC) ölkədəki meşə yanğınlarına dair son məlumatları açıqlayıb.
Buna görə, əsasən Britaniya Kolumbiyası, Alberta və Saskaçevan əyalətlərində olmaqla, ölkə üzrə təxminən 740 meşə yanğını aktiv vəziyyətdədir.
Britaniya Kolumbiyası və Albertada hər gün yeni yanğınlar baş verir və bu yanğınların çoxu isti və quru hava şəraiti səbəbilə sürətlə yayılır.
Yerli mediada yer alan xəbərlərə görə, yalnız Manitoba əyalətində 15 mindən çox insan yanğınlar səbəbilə evlərindən təxliyə edilib.
Əyalət üzrə bu yay ikinci dəfə fövqəladə vəziyyət elan olunub. Rəsmilər əyalətin böyük hissəsində "yanğın riski yüksək və ya çox yüksək səviyyədədir" xəbərdarlığı ediblər.
Manitoba rəsmiləri bildiriblər ki, bu mövsüm əyalətdə təxminən 4 milyon akrdan çox (təxminən 1.6 milyon hektar) ərazi yanıb və vəziyyəti "son 30 ilin ən pis yanğın mövsümü" kimi xarakterizə ediblər.
Nyufaundlend və Labrador əyalətində isə sürətlə yayılan alovlar bəzi evləri tamamilə məhv edib, elektrik kəsintilərinə səbəb olub. Nova Skotiya əyaləti isə meşəlik ərazilərdə bütün açıq hava fəaliyyətlərini qadağan edib.
Kanadadakı meşə yanğınlarından yayılan tüstü səbəbilə ABŞ-da 11 əyalətdə milyonlarla insan üçün hava keyfiyyəti ilə bağlı xəbərdarlıq edilib.