BAKI, AzerVoice, Nailə Babazadə
İranın Xarici İşlər naziri Abbas Əraqçi, ABŞ-dan danışıqlara dair mesaj alındığını, lakin Tehran rəhbərliyinin bu məsələ ilə bağlı hələlik qəti qərar vermədiyini bildirib.
AzerVoice xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi, İran dövlət televiziyasına verdiyi müsahibədə gündəmdəki məsələlərlə bağlı sualları cavablandırıb.
Əraqçi, ABŞ tərəfindən onlara bəzi mesajların çatdırıldığını bildirərək,“Hələ qəti qərar yoxdur. Danışıqların baş tutub-tutmayacağı tamamilə bizim maraqlarımızın nə tələb etdiyindən asılıdır.” - deyə qeyd edib.
Əraqçi, yaxın günlərdə baş tutması gözlənilən Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) rəsmilərinin Tehrana səfərinə də toxunaraq, dəyişən şərtlər fonunda İran ilə IAEA arasında münasibətlərdə yeni bir dövrün başlanmasının vacib olduğunu vurğulayıb.
IAEA rəsmilərinin Tehran səfəri çərçivəsində nüvə obyektlərinə baş çəkmə proqramlarının olmadığını bildirən Əraqçi əlavə edib ki, nüvə danışıqlarının gələcəyinə dair qərar İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən verilir və Xarici İşlər Nazirliyi bu qərarları yerinə yetirmək öhdəliyinə malikdir.