BAKI, Azervoice, Nərmin Ağayeva
Əlcəzairdə kəşfiyyat və meşə yanğınlarını izləmək üçün istifadə edilən təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.
Azervoice xəbər verir ki, Əlcəzairin şərqində yerləşən Cicel şəhərində Mülki Müdafiəyə məxsus kiçik tipli kəşfiyyat təyyarəsi Ferhat Abbas hava limanı yaxınlığında qəzaya uğrayıb.
Qəza nəticəsində Mülki Müdafiə Hava Bölməsinin komandiri polkovnik Rıdvan Berci, təlimatçı pilot Süheyb Qalayi və Air Tractor şirkətindən Çili vətəndaşı olmaqla ümumilikdə 4 nəfər həlak olub.
Yerli mənbələrin məlumatına görə, təyyarə havaya qalxdıqdan bir dəqiqə sonra Ferhat Abbas hava limanı yaxınlığındakı hasara çırpılıb. Xatırladaq ki, təyyarə Sekikda şəhərindəki meşə yanğınlarını izləmək vəzifəsini yerinə yetirirdi və yanacaq doldurmaq üçün Cicelə qayıtmışdı.
Qeyd edək ki, bu yay Əlcəzair meşə yanğınları ilə mübarizə məqsədilə mülki müdafiə və orduya aid 15-dən çox kiçik və orta ölçülü təyyarə, bir hərbi təyyarə və onlarla helikopter ayırıb.