BAKI, Azervoice, Nərmin Ağayeva
Fransada baş verən meşə yanğını Parisin sahəsindən daha böyük ərazini külə çevirib.
Azervoice xəbər verir ki, Fransanın cənubundakı Aude bölgəsində başlayan meşə yanğını 39,5 min hektardan çox ərazini məhv edib. İspaniya sərhədi yaxınlığında alovlanan yanğın Paris şəhərinin ümumi sahəsindən böyük əraziyə yayılıb. Hadisə nəticəsində azı bir nəfər həlak olub, 13 nəfər yaralanıb, üç nəfər isə itkin düşüb.
Fransanın baş naziri Fransua Bayru yanğını “görünməmiş miqyaslı fəlakət” adlandırıb. Alovların söndürülməsinə 2100-dən çox yanğınsöndürən və bir neçə xüsusi təyyarə cəlb olunub. Cümə axşamından etibarən əraziyə hərbi qüvvələr də yerləşdiriləcək.
Yanğın çərşənbə axşamı günortadan sonra Ribaute kəndində başlayıb və isti, quru, küləkli hava səbəbindən sürətlə yayılıb.
Yanğın nəticəsində bir çox kənd tamamilə boşaldılıb, bəziləri külə dönüb. Jonquières kəndinin meri Jacques Piraux bura “saf cəhənnəm” adlandıraraq, kəndin ən azı üçdə ikisinin yandığını bildirib. Bölgədəki şərabçılıq və turizm sektoru da böyük ziyan görüb.
Fransanın Ətraf Mühit Nazirliyi Aude bölgəsində ciddi quraqlıq yaşandığını və su istifadəsinə məhdudiyyət tətbiq edildiyini açıqlayıb. Nazirliyin məlumatına görə, yağışsız aylar nəticəsində bitki örtüyü quruyub və yanğının bu miqyasda yayılmasına səbəb olub.
Qeyd edək ki, bu yanğın 2006-cı ildən bəri Fransada qeydə alınan ən böyük meşə yanğınıdır. Alimlər iqlim dəyişikliyinin Cənubi Avropada meşə yanğınlarının daha tez-tez və dağıdıcı olmasına səbəb olduğu barədə xəbərdarlıq edirlər.