BAKI, AzerVoice, Səməd Əyyubov
Fransanın cənubundakı Od departamentində, tarixi Ribot şəhəri yaxınlığında meşə yanğını baş verib.
AzerVoice xəbər verir ki, bu barədə bölgə prefekturası “X” sosial şəbəkəsində məlumat yayıb.
Açıqlamada bildirilib ki, yanğının söndürülməsi üçün böyük qüvvələr səfərbər olunub. Hadisə yerinə 430-dan çox yanğınsöndürən cəlb edilib. Yanğınsöndürmə işləri ilə əlaqədar bölgədəki yollar bağlanıb.
"Le Parisien" qəzetinin yazdığına görə, yanğın yerli vaxtla saat 16:00 radələrində (Bakı vaxtı ilə 18:00) başlayıb. Milli meteorologiya xidməti "Météo-France" Od departamentində meşə yanğınları ilə bağlı qırmızı təhlükə səviyyəsi elan edib.
Qeyd edək ki, iyulun əvvəlində Od departamentində təxminən 2 min hektar meşə sahəsi yanmışdı. Həmçinin Fransanın cənubundakı digər departamentlər – Voklyuz, Buş-dü-Ron və Var da yanğınlardan zərər görmüşdü. Var departamentində Fransa prezidenti Emmanuel Makronun yay iqamətgahı yerləşir.