BAKI, AzerVoice
NATO müttəfiqləri Rusiya Prezidenti Vladimir Putinə qarşı təzyiqləri artırmaq məqsədilə yeni addımlar atmağa hazırlaşır.
AzerVoice xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin mənbələrinə istinadən verdiyi xəbərə görə, Almaniya ABŞ və digər müttəfiq ölkələrlə birlikdə Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə sistemlərinin göndərilməsi məsələsini müzakirə edir.
Bu təşəbbüsün məqsədi Rusiya Silahlı Qüvvələrinin hava zərbələrinin qarşısını almaqla Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək və Moskva üzərində strateji təzyiqi artırmaqdır.
Məlumata görə, Ukrayna rəhbərliyi hava hücumundan müdafiə sistemlərinin təminatını Rusiya ilə davam edən müharibədə əsas hərbi prioritetlərdən biri kimi qiymətləndirir.
“Bloomberg” qeyd edir ki, bu çərçivədə NATO daxilində Ukraynanın ehtiyaclarının ödənilməsi və müdafiə koordinasiyasının artırılması məsələləri də müzakirə olunur.
Xatırladaq ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov daha əvvəl Ukrayna münaqişəsinin həlli ilə bağlı Moskvanın mövqeyini açıqlayıb. Onun sözlərinə görə, Rusiya tərəfi Ukraynanın NATO-ya üzv olmaq niyyətindən əl çəkməsini və hazırkı “ərazi reallıqlarının” beynəlxalq səviyyədə tanınmasını əsas şərt kimi irəli sürür.