BAKI, AzerVoice
İran ABŞ-ın “qeyri-real” nüvə təkliflərini rədd edir.
AzerVoice xəbər verir ki, İranın xarici işlər naziri Abbas Arakçi ölkəsinin uranın zənginləşdirilməsini dayandırmaq kimi şərtləri olan və Tehranın maraqlarını nəzərə almayan istənilən razılaşmanı qəbul etməyəcəyini bildirib.
Misirin paytaxtı Qahirədə keçirilən mətbuat konfransında Arakçi, sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramının dinc məqsədlər daşıdığına dair zəmanət verməyə hazır olduğunu vurğulayıb. O, danışıqların yeganə yolunun diplomatiya olduğunu bildirib.
Qahirə rəsmiləri də danışıqları dəstəklədiklərini və regionda gərginliyin azaldılmasına sadiq olduqlarını bəyan ediblər. Misirin xarici işlər naziri Bədr Əbdülati və Arakçi Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ilə də görüş keçiriblər. Qrossi İranı nüvə fəaliyyəti ilə bağlı daha çox şəffaflıq göstərməyə çağırıb.
"Əş-Şərq Əl-Əvsat" qəzetinin Reuters-ə istinadən yaydığı məlumata görə, yüksək səviyyəli iranlı diplomat Tehranın Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi vasitəsilə təqdim edilən ABŞ təklifini qəbul etməyi planlaşdırmadığını bildirib. İran tərəfi təklifi “qeyri- məqbul” adlandırıb, çünki Vaşinqton uranın zənginləşdirilməsi ilə bağlı mövqeyini dəyişməyib və sanksiyaların ləğvini nəzərdə tutmayıb.