BAKI, AzerVoice
2026-cı ildə keçiriləcək və ilk dəfə 48 komandanın iştirak edəcəyi FIFA Dünya Çempionatının püşkatma mərasimi 5 dekabr 2025-ci il tarixində ABŞ-ın Las Veqas şəhərində baş tutacaq.
AzerVoice xəbər verir ki, FIFA tərəfindən hələ rəsmi təsdiq edilməsə də, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirə dair əsas tədbirlərdən biri olan püşkatma mərasiminin keçirilməsi üçün Kanada və Meksikadakı alternativ şəhərlər də nəzərdən keçirilsə də, yekunda Las Veqas seçilib.
İlkin mərhələdə tədbirin Las Veqasın məşhur “The Sphere” əyləncə kompleksində keçirilməsi nəzərdə tutulsa da, həmin tarixdə planlaşdırılan konsert səbəbilə bu məkandan imtina edildiyi və yeni yerin müəyyənləşdirildiyi bildirilir.
Las Veqas bu sahədə təcrübəyə malikdir: 1994-cü ildə, 24 komandanın iştirak etdiyi Dünya Çempionatının püşkatması da məhz bu şəhərdə — Las Veqas Konvensiya Mərkəzində keçirilmişdi. 1998-ci ildən etibarən isə turnirin formatı genişləndirilərək 32 komandaya çatdırılmışdı.
FIFA-nın tarixində ilk dəfə 48 komandanın qatılacağı 2026 Dünya Çempionatında ümumilikdə 104 oyun keçiriləcək. Turnir 11 iyun 2026-cı ildə başlayacaq və ABŞ, Kanada və Meksikadakı 16 ev sahibi şəhərdə baş tutacaq.
Hazırkı mərhələdə turnirə 13 komanda vəsiqə qazanıb. Bunlara ev sahibləri olan ABŞ, Kanada və Meksika ilə yanaşı, qitə seçmələrini tamamlamış 10 milli komanda daxildir. Qalan yerlərin sahibləri isə 2026-cı ilin martında keçiriləcək pley-off oyunları ilə müəyyənləşəcək.