BAKI, AzerVoice
ABŞ senatoru Bernie Sanders İsrailə silah satışını dayandırmaq üçün Senatda təzyiq göstərəcəyini açıqlayıb.
AzerVoice xəbər verir ki, bu barədə Bernie Sanders X sosial media hesabında paylaşılan bəyanatında məlumat verib.
Senatorun açıqlamasında bildirilir ki, İsrail Baş naziri Benyamin Netanyahunun hökumətinə 675,7 milyon dollarlıq silah satışının qadağan edilməsi üçün səs veriləcək.
Sanders qeyd edib ki, ABŞ vergi ödəyiciləri irqçi və ekstremist hökuməti dəstəkləmək üçün çox böyük məbləğdə vəsait xərcləyib.
Bəyanatında, İsrailin 2023-cü ilin oktyabrından bəri Qəzzada 60 mindən çox insanın həyatını itirməsinə səbəb olduğunu vurğulayıb.
İsrail ordusunun ərzaq yardımı almağa çalışan mülki şəxsləri atəşə tutması, Fələstin torpaqlarının zəbt edilməsi və Qəzzada kütləvi aclığın yaşanması da tənqid olunub.
Sanders ABŞ-ın bu qəddarlığı təmin edən silahlar verməməli olduğunu vurğulayıb.