BAKI, AzerVoice, Nərmin Ağayeva
ABŞ-ın Ankaradakı səfiri və Yaxın Şərq nümayəndəsi Tom Barak İsrailin Livana verdiyi vədlərə əməl etməli olduğunu bildirib.
AzerVoice xəbər verir ki, Barak dünən Beyrutda Livan prezidenti Cozef Aun ilə görüşündə atəşkəs razılaşmasının addım-addım həyata keçirildiyini qeyd edib. O, Livanın Hizbullahın tərksilahı ilə bağlı öhdəlik götürdüyünü, indi isə növbənin İsraildə olduğunu vurğulayıb.
Səfirin sözlərinə görə, noyabrda əldə olunan razılaşma İsrail qoşunlarının Livandan tam çıxarılmasını nəzərdə tutsa da, hazırda beş sərhəd bölgəsində İsrail hərbçiləri qalmaqdadır. Jurnalistlərin geri çəkilmənin növbəti addım olub-olmayacağı ilə bağlı sualına isə Barak “məhz belədir” cavabını verib. O həmçinin Vaşinqtonun İsraillə təmaslarını davam etdirdiyini və yaxın həftələrdə prosesdə irəliləyiş ola biləcəyini qeyd edib.
Livan Nazirlər Kabineti ABŞ-ın Hizbullahın mərhələli şəkildə tərksilah edilməsinə dair təklifinə müsbət yanaşdığını açıqlayıb. Bununla belə, Hizbullah lideri Naim Qassem “İşğal davam etdikcə, tərksilah edilməkdən imtina edilir” - deyə bildirib.
Qeyd edək ki, İsrail ilə Livan arasında noyabr ayında əldə olunan atəşkəs razılaşması tərəflər arasında gərginliyin azaldılmasını nəzərdə tutur.