BAKI,AzerVoice, Fərid Mikayılov
ABŞ-ın Nyu-York ştatında federal məhkəmə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) qarşı irəli sürülən iddianı rədd edib.
AzerVoice xəbər verir ki, iddiaçılar – oktyabrın 7-də HƏMAS-ın həyata keçirdiyi “Əl-Əqsa Tufanı” əməliyyatı zamanı həyatını itirən israillilərin ailələri, qurumu silahlı hərəkatı dəstəkləməkdə günahlandırırdı.
ABŞ rayon hakimi Analisa Torres bildirib ki, UNRWA Birləşmiş Millətlər Təşkilatının bir orqanı kimi toxunulmazlıq hüququna malikdir və buna görə də belə iddialara məruz qala bilməz.
İddiada agentliyin məktəb və klinikalarında silahların saxlanılmasına icazə verdiyi, həmçinin HƏMAS üzvlərini işə götürdüyü iddia olunurdu. Lakin UNRWA-nın vəkilləri iddianı “absurd” adlandıraraq, agentliyin BMT-nin “subsidiar orqanı” kimi məsuliyyətdən azad olduğunu vurğulayıblar.
Xatırladaq ki, ötən il İsrail parlamenti Knesset UNRWA-nın fəaliyyətini qadağan edən qanun qəbul etmişdi. Buna baxmayaraq, agentlik onilliklərdir fələstinlilərə beynəlxalq humanitar yardım göstərən yeganə təşkilat olaraq fəaliyyətini davam etdirir.