BAKI, AzerVoice, Nailə Babazadə
İsrail ordusu, Livanın cənubuna hava hücumları təşkil etdiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, ordunun yaydığı açıqlamada hücumlar nəticəsində 3 Hizbullah üzvünün öldürüldüyü iddia olunub.
Yaxın Şərqdəki ölkələrin suverenlik hüquqlarını pozan hücumları ilə reaksiyalara səbəb olan İsrail, bir daha Livanı hədəf alıb.
İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən verilən açıqlamada, Livanın cənubundakı Kafra bölgəsinə təşkil olunan hava hücumu nəticəsində Hizbullahın yerli nümayəndəsi kimi fəaliyyət göstərən 1 şəxsin öldürüldüyü iddia edilib.
Livanın cənubundakı Kafr Reman bölgəsinə edilən başqa bir hava hücumunda isə Hizbullahın Har Dov və Hiyam bölgələrindəki infrastrukturunu bərpa etməklə məşğul olan mühəndislik bölmələrində çalışan 2 şəxsin zərərsizləşdirildiyi irəli sürülüb.
Öldürülən Hizbullah üzvlərinin fəaliyyətlərinin İsrail ilə Livan arasında əldə olunmuş razılaşmanı pozduğu iddia edilən açıqlamada, “IDF, İsrail dövlətinə yönələn istənilən təhdidi aradan qaldırmaq üçün əməliyyatlarını davam etdirəcək,” – deyə bildirilib.