BAKI, AzerVoice, Fərid Mikayılov
Avropa Parlamenti tərəfindən aparılan 2025-ci ilin yaz “Eurobarometer” sorğusuna görə, Avropa İttifaqına (Aİ) üzv ölkələrin əhalisi birlikdən məmnunluğunu qoruyur, lakin xüsusilə həyat bahalılığı ilə mübarizə sahəsində daha çox tədbirlərin görülməsini tələb edir.
Sorğu nəticələrinə əsasən, avropalıların 73 faizi ölkələrinin Aİ-yə üzvlüyündən faydalandığını bildirir. Bu göstərici təşkilat tarixində ən yüksək səviyyələrdən biridir. Respondentlərin 52 faizi Aİ haqqında müsbət rəyə sahibdir ki, bu da son 20 ildə yalnız iki dəfə qeydə alınmış yüksək səviyyə ilə eynidir (2021 və 2022).
Həmçinin, avropalıların 42 faizi Aİ-nin doğru istiqamətdə irəlilədiyini düşünür, bu da ilin əvvəlindən bəri 7 faiz artım deməkdir. Vətəndaşların 66 faizi ittifaqın gələcəyi barədə nikbindir, 15-24 yaşlı gənclər arasında isə bu göstərici 72 faizə çatır.
Müsbət tendensiyalara baxmayaraq, vətəndaşlar Aİ-dən daha çox fəaliyyət gözləyirlər. Sorğuda iştirak edənlərin 41 faizi əsas prioritetin həyat bahalılığı və inflyasiya ilə mübarizə olduğunu deyib. Müdafiə və təhlükəsizlik məsələləri 34 faiz, yoxsulluq və sosial təcridlə mübarizə isə 31 faiz ilə digər önəmli məsələlər kimi göstərilib.
Vətəndaşların 90 faizi hesab edir ki, Aİ ölkələri qlobal çağırışlarla mübarizədə daha çox birlik nümayiş etdirməlidirlər. 68 faizi isə birliyin vətəndaşları qlobal böhran və təhlükələrdən qorumaq üçün daha böyük rol oynamasını istəyir.
Avropalıların 91 faizi Aİ Parlamentinin ittifaq büdcəsini tam şəkildə nəzarətdə saxlamaq üçün lazımi səlahiyyətlərə malik olmasını vacib hesab edir. Bundan əlavə, 85 faiz Aİ vəsaitlərinin yalnız hüququn aliliyi və demokratik prinsiplərə hörmət edən ölkələrə ayrılmasını dəstəkləyir.
Respondentlərin 78 faizi gələcək layihələrin daha çox Aİ səviyyəsində maliyyələşdirilməsini, 73 faizi isə yeni Aİ-yə məxsus gəlir mənbələrinin – məsələn, istixana qazı emissiyalarına və ya korporativ mənfəətlərə vergi – tətbiq edilməsini istəyir.
Sorğu həmçinin göstərib ki, vətəndaşların 90 faizindən çoxu büdcənin şəffaf, səmərəli və izləniləbilən şəkildə idarə olunmasını vacib sayır.