BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
Böyük Şeytanla dialoq aparan İranın ali rəhbəri Əli Xamenei 10
may tarixində “Əmək və İşçilər Həftəsi” münasibətilə Suriya
hökumətini dolayı yolla təhdid edərək bildirib ki,
“Suriyada etdikləri gücün deyil, zəifliyin göstəricisidir
və bu, daha da zəifləməyə səbəb olacaq. Batil cərəyanların dövrü
bir neçə gün ərzində bitəcək.” Tehrandakı hakimiyyət
başçılarının bu kimi ardıcıl açıqlamaları Suriya hökumətinə qarşı
mənfi münasibəti ortaya qoyur.
Belə ki, 8 dekabr 2024-cü ildə Bəşər Əsəd rejiminin süqutundan
sonra İranla yeni Suriya rəhbərliyi – prezident Əhməd
əş-Şəraa arasında münasibətlərdə gərginlik və gözləmə mövqeyi
müşahidə olunur. İran isə dəyişən siyasi və geosiyasi
şəraitdə Suriyaya münasibətini yenidən qiymətləndirməyə
çalışır.
Əsəd rejiminin süqutu İran üçün onilliklərdir yaşamadığı strateji zərbə oldu və bu, İranın regional siyasətinə ciddi təsir göstərdi. Bu itki, İranı regiondakı strategiyasını köklü şəkildə yenidən nəzərdən keçirməyə vadar etdi. Bu zaman ABŞ-ın Yəməndə husilərə qarşı mövqe sərgiləməsi, Livanda “Hizbullah”ın zəifləməsi və İraqda İran nüfuzuna qarşı çıxan siyasi qüvvələrin artması da bu strategiya dəyişikliyinə təkan verdi. Bütün bunlar Tehranı fərqli bəyanatlar verməyə, yumşaq diplomatik üsullar tətbiq etməyə və Suriyada yenidən nüfuz qazanmaq üçün müxtəlif xaos yaradan qüvvələri hərəkətə keçirməyə sövq etdi.
İranın mövqeyinin ümumi konteksti
Əsəd rejiminin süqutu İran üçün böyük geosiyasi zərbə idi. Suriya uzun illər “müqavimət oxu”nun əsas dayağı, İsraillə dolayı savaşda ön xətt idi. Bu dəyişiklik İranın siyasi ritorikasında çaşqınlıq yaratdı. Bəzi açıqlamalarda xaos təhlükəsi vurğulanır, bəzilərində isə yeni rəhbərliklə əlaqə qurulması təşviq olunurdu.
İran əvvəlcə yeni Suriya rəhbərliyi ilə birbaşa əlaqə
qurmadığını bildirərək onların fəaliyyətlərini izləməklə
kifayətlənəcəyini dedi. Tehran yeni rəhbərliyin İsrailə və
müqavimət oxuna münasibətinin gələcək münasibətlərin təməlini
müəyyən edəcəyini vurğuladı və əleyhinə mövqe tutacaqları halda
sərt münasibət göstərəcəyini bildirdi.
İran rəsmilərinin mövqeləri
Ahıl yaşında olan Ali rəhbər Əli Xamenei: 22 dekabr 2024-cü ildə o, suriyalı gəncləri “xarici qüvvələrin dəstəklədiyi xaos törədicilərə” qarşı “iradə ilə dayanmağa” çağırdı. Bu bəyanat Dəməşq tərəfindən daxili işlərə qarışma kimi qiymətləndirildi. Xamenei sonrakı açıqlamasında Əsədin süqutunun nə İranı, nə də müqavimət oxunu zəiflətməyəcəyini bildirdi. O, İsrailin məğlub olacağını vurğulayaraq, strateji məğlubiyyətə baxmayaraq, güc imici yaratmağa çalışdı.
Xarici işlər naziri Abbas Əraqçi: 8 dekabr 2024-də İranın müxalifətin hərəkətləri haqqında Əsəd rejiminə təhlükəsizlik hesabatları təqdim etdiyini dedi, lakin ABŞ və İsraili rejimin süqutuna görə ittiham etdi. 24 dekabrda isə “Suriyada hələ çox inkişaf gözlənilir” ifadəsini işlədərək dolayı təhdid mesajı verdi. Suriya xarici işlər naziri Əsəd Şeybani isə İranı “xaos yaratmamaq” barədə xəbərdar etdi və ölkə suverenliyə hörmət tələb etdi. Əraqçi daha sonra münasibətləri yumşaltmağa çalışaraq, balanslı münasibət istədiklərini bildirdi.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami: 2024-cü ilin dekabrında o, İranın bölgədəki nüfuzunun davam etdiyini dedi. Bu bəyanat Suriya tərəfindən sərt tənqid edildi. Hökumət nümayəndəsi, süqutdan öncə Suriyada qalan İran hərbi məsləhətçilərinin varlığını təsdiqlədi, amma İRNA-nın rəsmi nümayəndəsi 4000 İranlının Suriyadan geri qayıtdığını açıqladı.
2025-ci ilin yanvarında İran yeni nümayəndə olaraq diplomat Məhəmməd Rza Rauf Şeybanini təyin etdi. Bu, yeni rəhbərliklə əlaqə qurmaq istəklərini göstərdi.
İranın strategiyası
Xamenei və Səlami kimi sərt xətt tərəfdarlarının açıqlamaları
ilə Əraqçi kimi diplomatların mövqeləri arasında fərqlər, İranın
Suriyada qeyri-müəyyən strategiyasını göstərir. Xarici İşlər
Nazirliyi diplomatik üsluba üstünlük verərkən, SEPAH komandirləri
daha sərt ritorika ilə çıxış edirdi.
Bununla belə, Tehran, yeni Suriya rəhbərliyi İranla açıq
qarşıdurmaya getməyəcəksə, demokratik sistemlə də əməkdaşlığa açıq
olduğunu bildirib. Tehran hesab edir ki, Qərb Suriyaya qapı
açmayacaq, sanksiyalar aradan qaldırılmayacaq və İsrailin hücumları
dayanmayacaq. Beləliklə, Suriya yenidən İran-Rusiya oxuna
yönələcək.
Lakin bu fərziyyə reallaşmaya bilər. Çünki Suriya hazırda ərəb ölkələri və Türkiyə tərəfindən regionda geniş dəstək alır və bu, İranın Suriyaya əvvəlki kimi təhlükəsizlik və hərbi nüfuzla qayıtmasına imkan vermir. Yeni rəhbərlik İranla qarşılıqlı, bərabər əsaslı münasibətlərə açıq olsa da, ABŞ-ı qıcıqlandırmayacaq və regional maraqlara zidd olmayacaq şəkildə əməkdaşlığa üstünlük verir.
İranın xaos siyasətinə yatırımı
İran Suriya dövlət institutlarının zəifliyindən, sərhədlərin qeyri-sabitliyindən və silahların yayılmasından istifadə edərək üç əsas qüvvə vasitəsilə qeyri-sabitlik yaratmağa çalışır:
- İŞİD – yenidən aktivləşərək yeni Suriya dövlətini zəiflətmək məqsədilə.
- PKK – Qəndil dağlarındakı rəhbərlik vasitəsilə, Türkiyənin Suriyaya təsir imkanlarını məhdudlaşdırmaq üçün. ( Qeyd edək ki, bu kart artıq istifadə olunmaz hala gəlib. 12 may tarixində PKK özünü buraxıb)
- Sabiq rejimin qalıqları – Livan və İraqda gizlənən təhlükəsizlik və hərbi rəhbərliklər vasitəsilə “Hizbullah” və İraq milisləri ilə birlikdə sahil bölgəsində və digər yerlərdə iğtişaş yaratmaq cəhdləri.
31 dekabr 2024-cü ildə İranın rəsmi mediası Ali Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyanın “Suriya İsrailə qarşı yeni müqavimət ocağı olacaq” bəyanatını yaydı.
Yeni Suriya rəhbərliyinin mövqeyi
Yeni rəhbərlik Suriya üçün tamamilə fərqli regional mövqe axtarır. Aydın görünür ki, bu rəhbərlik İranın Suriyanı İsrailə qarşı bir alətə çevirməsinə icazə verməyəcək. ABŞ-ın SEPAH və “Hizbullah”ı terror təşkilatı kimi tanımaq tələbi, İranın Əsəd rejimini dəstəkləməsi, xalqın İrana qarşı mənfi münasibəti – bütün bunlar Suriyanın İranla münasibətlərində ehtiyatlı olmasına səbəb olub.
Prezident Əhməd əş-Şəraa, Əsədin Suriyanı İranın maraqları üçün bir "fermaya" çevirdiyini bildirib. Xarici işlər naziri Şeybani də İranı qarışıqlıq yaratmamaq barədə xəbərdar edib.
Ümumilikdə isə İranın alətləri artıq Suriyada təsirli deyil. Yerli, regional və beynəlxalq səviyyədə İran nüfuzuna qarşı güclü müqavimət var. İranın Livan və Qəzzadakı qolları da ağır itkilər verib. İraq hökuməti İran milislərinin Suriyaya keçidinə qarşı çıxır və Vaşinqtonla nüvə proqramı üzrə danışıqlar aparır. İsrailin İranın nüvə proqramını vurmaqla təhdid etməsi də Tehranın ehtiyatlı olmasına səbəb olur.
Əsəd rejiminin süqutu ilə İranın Suriyadakı regional layihəsi çökmüş oldu. Tehran indi ya diplomatik kanallarla zəif təsirə razı olacaq, ya da təhlükəsizlik böhranı yaratmağa çalışacaq – lakin bu yolun uğursuz və təsirsiz qalacağı ehtimalı daha yüksəkdir. Qərbin yeni Suriya rəhbərliyinə dəstək verməsi, sahil bölgəsindəki qiyamların uğursuzluğu və İranın nüfuzunun ciddi şəkildə azaldılması İran-Suriya münasibətlərində diplomatik bərpa perspektivlərini də demək olar ki, aradan qaldırır.