BAKI,AzerVoice
1931-ci ildə ABŞ-da mütəşəkkil cinayətkarlığın yeni dövrü başladı. Çarlz “Lucky” Luchianonun rəhbərliyi ilə Nyu-Yorkun beş mafiya ailəsi birləşdirilərək “Komissiya” adlı gizli idarə orqanı yaradıldı. Növbəti onilliklərdə bu ailələr təkcə qumar və qaçaqmalçılıqla deyil, həm də şəhərin iqtisadi və siyasi sistemlərinə sızmaqla Amerikanın ən güclü gizli imperiyasına çevrildilər.
Genovese ailəsi - Mafiyanın beyin mərkəzi
Məşhur bosslar: Çarlz “Lucky” Luchiano, Vito Genovese
Əsas fəaliyyət: Fulton Balıq Bazarına nəzarət
“Komissiya”nın əsası Nyu-Yorkda “Kastellammare müharibəsi” adlanan qanlı toqquşmadan sonra qoyuldu. Luchiano rəqiblərini aradan götürərək ailəni ələ keçirdi və müasir mafiyanın strukturunu formalaşdırdı. Onun yerinə keçən Vito Genovese 1950–60-cı illərdə narkotik alverindən milyonlar qazanırdı. Ailənin üzvü Cozef Valacçi 1963-cü ildə ABŞ Senatında ifadə verərək “omerta” səssizlik andını pozan ilk mafiya üzvü oldu.
Bonanno ailəsi - Səssizlikdən dövlətə əməkdaşlığa
Məşhur bosslar: Cozef “Joe Bananas” Bonanno, Cozef Massino
Əsas fəaliyyət: “New York Post” həmkarlar ittifaqına sızma
Bonanno ailəsi uzun illər mafiyanın ən sabit strukturlarından biri idi. Lakin 1960-cı illərdə Bonannonun digər bosslara qarşı sui-qəsd planı onu hakimiyyətdən saldı. 1970-ci illərdə FTB agenti “Donnie Brasco” (əsl adı Cozef Pistone) ailəyə sızaraq 100-dən çox məhkəmə hökmünə səbəb olan məlumatlar topladı.
1991-ci ildə rəhbərliyi ələ alan Cozef Massino RICO qanunu ilə həbs olundu və 2004-cü ildə ölüm hökmündən qorxaraq dövlətə ifadə verdi. O, ABŞ tarixində hakimiyyət başında ikən dövlətə işləyən ilk mafiya bossu oldu.
Lucchese ailəsi - “Goodfellas”ın gerçək hekayəsi
Məşhur bosslar: Tommi Qalyano, Tommi Lukkese
Əsas fəaliyyət: JFK hava limanında “Lufthansa soyğunluğu”
Lukkese ailəsi mafiyanın maliyyə qanadını idarə edirdi. 1978-ci ildə həyata keçirilən Lufthansa soyğunluğu ABŞ tarixinin ən böyük hava limanı cinayəti sayılır: 5 milyon dollar nağd pul və 800 min dollar dəyərində brilyant oğurlanmışdı. Cinayətin iştirakçısı Henri Hill daha sonra FTB-yə məlumat verdi və onun həyatı əsasında çəkilən “Goodfellas” filmi mafiya tarixinin klassikasına çevrildi.
Gambino ailəsi -“Teflon Don”un hökmranlığı
Məşhur bosslar: Karlo Qambino, Con Qotti
Əsas fəaliyyət: Nyu-York limanına nəzarət
Qambino ailəsi mafiya dünyasında “elit sinif” sayılırdı. Karlo Qambino 1950–70-ci illərdə mafiyanın ən nizamlı strukturunu qurdu. Onun varisi Con Qotti “Teflon Don” ləqəbini məhkəmələrdən dəfələrlə xilas olduğu üçün aldı.
1992-ci ildə o, nəhayət, müavini “Sammy the Bull”un ifadələri əsasında reket və qətl ittihamı ilə həbs olundu. Gotti 2002-ci ildə həbsxanada öldü, lakin Gambino ailəsi hələ də ABŞ cinayət tarixində simvol kimi qalır.
Colombo ailəsi - Mafiyanın içində “FBI agenti”
Məşhur bosslar: Cozef Profaci, Cozef Kolombo
Əsas fəaliyyət: Yanacaq vergisindən yayınma sxemləri
Kolombo ailəsi mafiyanın ən mübahisəli qolu idi. Onun lideri Cozef Kolombo 1960-cı illərdə digər bossların planını ifşa edərək ailənin başına keçdi. Maraqlıdır ki, ailənin üzvü Qriqori Scarpa eyni vaxtda həm FBI üçün işləyir, həm də mafiya əməliyyatlarında iştirak edirdi. Onun bu “ikili rolu” nəticəsində o, uzun illər həbsdən yayınmışdı.
1970-ci illərin sonlarında RICO qanunu mafiyanın “toxunulmazlıq” dövrünü bitirdi. Daxili xəyanətlər, dövlətlə əməkdaşlıq edən informatorlar və müasir hüquqi mexanizmlər “Beş Ailə”nin imperiyasını zəiflətdi. Lakin onların yaratdığı sistem - gizlilik, nizam və qorxuya əsaslanan “Amerikan mafiyası modeli” - hələ də populyar mədəniyyətdə yaşayır.