BAKI, AzerVoice, Orxan Qədirzadə
ABŞ-ın San-Dieqo şəhərində yerləşən Shield AI süni intellekt şirkəti X-BAT adlı yeni nəsil döyüş təyyarəsini təqdim edib - bu, dünyanın ilk şaquli qalxış və eniş edə bilən, süni intellektlə idarə olunan döyüş təyyarəsidir.
X-BAT təyyarəsinin uçuş məsafəsi 2000 milə qədərdir və o, hava limanı zolaqlarından asılı olmadan fəaliyyət göstərə bilir. Təyyarə GPS və rabitə sistemləri bloklandıqda belə müstəqil şəkildə uça bilir, bu da onu müdafiə texnologiyalarında yeni mərhələyə yüksəldir.
Əvvəllər döyüş şəraitində sınaqdan keçirilən V-BAT pilotsuz uçuş aparatı kimi, X-BAT da şaquli qalxış və eniş imkanına malikdir. Lakin onun inteqrə edilmiş qanad dizaynı, təkmilləşdirilmiş reaktiv mühərriki və raket daşıma qabiliyyəti onu süni intellektlə idarə olunan hərbi texnikanın yeni sinfinə daxil edir.
Şirkətin təsisçisi və prezidenti Brendon Tseng bu layihəni “uçuş zolaqları olmayan hava qüvvəsi” adlandırıb və bunu “müasir dövrdə ən yüksək səviyyəli qarşısının alınması (deterrence) vasitəsi” kimi qiymətləndirib.
X-BAT, hazırda Pentaqon və onun müttəfiq ordularının sifarişi ilə hazırlanmaqda olan süni intellektlə idarə olunan döyüş təyyarələri seqmentinə daxildir.
Bu tip robot təyyarələrin insan pilotlarla birgə və ya tamamilə müstəqil “qruplar” (sürü formatı) halında fəaliyyət göstərməsi planlaşdırılır.
Tsengin sözlərinə görə, X-BAT təyyarəsinin qiyməti təxminən 27 milyon dollar olacaq. Şaquli qalxış və eniş sınaqları 2026-cı ilin sonuna, tam miqyaslı uçuş testləri isə 2028-ci ilə planlaşdırılıb.
Layihənin əsas texnoloji yeniliyi Hivemind adlı süni intellekt sistemidir.
Karnegi-Mellon Universitetinin tədqiqatları əsasında yaradılmış bu sistem təyyarə və pilotsuz aparatlara GPS və rabitə siqnalları olmadan müstəqil fəaliyyət imkanı verir.
Kaliforniya üzərində keçirilən simulyasiya döyüşündə Hivemind sistemi ilə idarə olunan təyyarə, insan pilotlu F-16-nı məğlub edib.
Shield AI şirkətinin əvvəlki məhsulu olan V-BAT pilotsuz aparatı artıq Ukrayna, İsrail və ABŞ tərəfindən, həmçinin ABŞ Sahil Mühafizəsi tərəfindən uğurla istifadə olunub.