BAKI, AzerVoice
Parkinsonla mübarizədə beyin kardiostimulyatoru- əlamətlərdə 80%-lik azalma müşahidə edilir.
AzerVoice xəbər verir ki, Parkinson
xəstəliyinin müalicəsində son illərdə ön plana çıxan beyin
stimulyasiyası metodu, xüsusilə titrəmə, əzələ daralması və yavaş
hərəkətlər kimi motor simptomların azaldılmasında ciddi irəliləyiş
təmin edir.
Liv Hospital Nevrologiya Mütəxəssisi Dr. Hatice Çilin sözlərinə
görə, uyğun xəstələrdə beyin kardiostimulyatorunun cərrahi
yerləşdirilməsi bu əlamətləri xeyli azaldır və dərman ehtiyacını 80
faizə qədər azalda bilir.
Parkinson xəstəliyi, dopamin istehsal edən hüceyrələrin tədricən itməsi nəticəsində yaranır. Xəstəlik adətən 60 yaş civarında başlayır və kişilərdə daha çox müşahidə olunur. Başlanğıc mərhələdə qoxu duyğusunun azalması, yuxu pozğunluğu və qəbizlik kimi qeyri-motor simptomlarla özünü göstərsə də, sonrakı dövrlərdə əzələ sərtliyi və tarazlıq problemləri ön plana çıxır.
Qeyd edək ki, Parkinson xəstəliyi ümumilikdə 5 mərhələdə inkişaf edir və bu mərhələlər xəstədən xəstəyə fərqli formada irəliləyə bilər. Dr. Çil erkən diaqnoz və düzgün zamanda tətbiq olunan beyin stimulyasiyası əməliyyatının xəstələrin həyat keyfiyyətini xeyli yüksəltdiyini bildirir.
Bundan əlavə, qidalanma müalicə prosesində mühüm rol oynayır. Tərəvəz, meyvə və zeytun yağı ilə zəngin pəhriz, kalsium, D vitamini, eləcə də B6 və B12 kimi beyin sağlamlığına dəstək verən vitaminlərin qəbulu tövsiyə olunur.
Hazırda Parkinsonun gələcək müalicəsi üçün kök hüceyrə, gen-hüceyrə və peyvənd texnologiyalarına dair tədqiqatlar davam etdirilir.