BAKI, AzerVoice, Səməd Əyyubov
Türkiyənin ixracatı ilk dəfə olaraq iyul ayında 25 milyard dollar həddinə çatıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Naziri Ömər Bolat bildirib.
Nazir qeyd edib ki, bu göstərici Türkiyə tarixində iyul ayı üzrə ən yüksək ixrac səviyyəsidir.
“Son 12 ayın ən yüksək aylıq artım səviyyəsinə nail olmuşuq. Eyni zamanda, ilk dəfə olaraq iyul ayında əlavə 2,5 milyard dollarlıq ixrac qeydə alınıb. Ötən il bu rəqəm 22,5 milyard dollar idi. Beləliklə, 266,9 milyard dollara 2,5 milyard əlavə olunaraq illik ixrac həcmi 269,4 milyard dollara yüksəldi. Bu artım tempini qorumaq ən böyük arzumuzdur” - deyə, nazir bildirib.
Bolat vurğulayıb ki, bu artım illik əsasda 3,1 faizlik mal ixracı artımına uyğundur və ilk yeddi ay ərzində ixrac artımı 5,2 faiz təşkil edib. Onun sözlərinə görə, bu nəticə dünya ortalamasından xeyli yüksəkdir və ixrac ümumilikdə 156,4 milyard dollara çatıb.
Nazir ABŞ və Avropa İttifaqı (Aİ) ölkələrində iqtisadi artımın zəif olduğunu bildirib və ixrac artımını qorumaq üçün səylərin davam edəcəyini qeyd edib.
Bolat geyim və tekstil sektorundakı vəziyyətə də diqqət çəkib. O bildirib ki, cari ilin ilk yeddi ayında toxunmuş və toxunmamış geyim məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 710 milyon dollar azalıb. Lakin son iki ayda bu azalma stabilləşib və payız mövsümündə artım gözlənilir.
Bununla yanaşı, kimya sənayesi, avtomobil, müdafiə və dəmir-polad sahələrində ixrac artımı müşahidə olunur.
“Avtomobil sənayesində təxminən 78 faizlik, kimyəvi məhsullar sektorunda isə iyul ayında 36-37 faizlik artım qeydə alınıb” – deyə, nazir qeyd edib.
Nazir ixracatçılara göstərilən maliyyə dəstəyi mexanizmləri barədə də məlumat verib.
“Reeskont krediti vasitəsilə ixracatçılara dəstək veririk. Hazırda bazarın yarısı qədər, yəni 27 faizlik xərc ilə maliyyələşmə aparılır. 130 milyard lirə həcmində ixrac zəmanət sistemi təqdim olunub. Korporativ vergi üzrə 5 faizlik endirim, valyuta çevirmə mükafatı da tətbiq edirik. Mərkəzi Banka valyuta satanlara 3 faiz həcmində mükafat verilir. Mal ixracatı üçün Dəstək və Qiymət Sabitliyi Fondundan (DFİF) 25,5 milyard, xidmət ixracatı üçün isə 7,5 milyard lirə dəstək ayrılıb. Ümumilikdə 33 milyard lirəlik dəstək paketi təqdim olunub” - deyə, o bildirib.
Bolat, son olaraq, Türkiyənin Suriyanın yenidən qurulmasına töhfə verdiyini də qeyd edib. Onun sözlərinə görə, gələn həftə Suriya Sənaye Nazirliyi ilə Birgə İqtisadi və Ticarət Şurasının qurulmasına dair razılaşma imzalanacaq.