BAKI, AzerVoice, Səməd Əyyubov
“İnter Mayami” futbolçusu Lionel Messinin mühafizəçisi Yassin Çeuko Liqa Kuboku və MLS (ABŞ Peşəkar Futbol Liqası) matçlarından uzaqlaşdırılıb.
AzerVoice xəbər verir ki, bu barədə “TyC Sports” məlumat yayıb.
Bildirilib ki, “İnter Mayami” və Meksikanın “Atlas” klubları arasında keçirilən və amerikalıların 2:1 hesablı qələbəsi ilə başa çatan oyunun sonunda futbolçular arasında qarşıdurma baş verib. Mübahisə zamanı Messinin mühafizəçisi Çeuko müdaxilə edərək “Atlas”ın iki oyunçusunu itələyib. Hadisənin ardından “İnter Mayami” komandası mühafizəçinin hərəkətinə görə cərimələnib.
“O, Messini azarkeşlərdən qorumaq üçün oradadır. Amma oyunçular arasındakı ünsiyyətə qarışmaq səlahiyyəti yoxdur” — deyə, “Atlas” oyunçularından biri bildirib.
Qeyd edək ki, Çeuko artıq mart ayının sonunda MLS matçlarından kənarlaşdırılmışdı.
Daha əvvəl Messi Liqa Kuboku matçında rəqibinə sillə vurmuşdu.