BAKI, AzerVoice
Sidney Texnologiya Universitetinin alimləri, invaziv müdaxiləyə ehtiyac olmadan insan düşüncələrini yazılı mətnə çevirə bilən yeni nəsil papaq formasında cihaz hazırlayıblar.
Tədqiqatçılar bildirib ki, yeni cihaz beyin dalğalarının izlənməsi və təhlili ilə təxminən 75 faiz dəqiqliklə insan düşüncələrini yazılı formaya salır.
“İlk mərhələdə beyin siqnallarını sözlərə çevirən dərin öyrənmə modelindən istifadə edirik. Daha sonra böyük dil modeli bu sözləri dəqiqləşdirərək mümkün səhvləri düzəldir”- deyə Komandaya rəhbərlik edən professor Chin-Teng Lin deyib.
Mövcud beyin-maşın interfeysləri ilə müqayisədə bu sistemin üstünlüyü onun qeyri-invaziv olmasıdır. Əvvəlki texnologiyalar ya beyin implantlarını, ya da funksional MRT kimi çətin və bahalı üsulları tələb edirdi. Yeni papaq cihazı isə yalnız başa taxılan və beyin dalğalarını qeydə alan portativ qurğudur.
Bu texnologiyanın iflic və nitq qabiliyyətini itirmiş xəstələr üçün ciddi ümid yaratdığı qeyd olunur. Mütəxəssislər onun nevroloji reabilitasiya və fərdi ünsiyyət imkanlarının bərpasında geniş istifadə oluna biləcəyini bildirirlər.
Bu yenilik, insan beyninin kompüterlərlə daha sıx əlaqələndirilməsi və düşüncə ilə texnologiyanın birləşməsi baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.