BAKI, AzerVoice
Zəngin ölkələr hər il səhiyyə sahəsinə trilyonlarla avro xərcləsə də, bu vəsaitin əhaliyə nə dərəcədə fayda gətirdiyi sual altındadır.
“The Lancet Global Health” jurnalında dərc olunmuş yeni araşdırmaya görə, səhiyyəyə yatırılan xərclər müəyyən səviyyədən sonra insanların rifahına ciddi töhfə vermir.
ABŞ-ın Səhiyyə Ölçmələri və Qiymətləndirmə İnstitutunun (IHME) alimləri müəyyən edib ki, səhiyyə xərcləri artdıqca əlavə sağlam həyat ili qazanmağın maliyyəti dəfələrlə yüksəlir. Məsələn, adambaşına 100 dollar xərcləyən bir ölkə üçün əlavə 92 dollar bir sağlam həyat ili qazandırsa da, bu rəqəm adambaşına 5 min dollar xərcləyən ölkədə 11 min 213 dollara qədər yüksəlir.
Araşdırma 1995–2022-ci illəri əhatə edir və 201 ölkə və bölgədəki səhiyyə xərclərinin səmərəliliyini ölçür. 1995–2019-cu illərdə qlobal səviyyədə səmərəlilik artsa da, COVID-19 pandemiyası bu prosesi dayandırıb. 2022-ci ildə bərpa mərhələsi başlasa da, ölkələr arasında səmərəlilik fərqləri hələ də qalır.
Məlumata görə, adambaşına ən çox səhiyyə xərci çəkən ölkə ABŞ-dır. Lakin bu xərclərin qeyri-səmərəli istifadəsi amerikalılara orta hesabla 6,2 sağlam həyat ilinə başa gəlir.
Digər tərəfdən, Çin səhiyyə xərclərindən ən yüksək nəticə əldə edən – “israfsız” – ölkə olaraq önə çıxır. Avropada isə əksər ölkələr səmərəli hesab olunsa da, Ukrayna, Litva, Latviya, eləcə də qismən Niderland, Belçika, Belarus, Finlandiya, Norveç və Böyük Britaniya mənfi istisnalar sırasında yer alıb.
Mütəxəssislər bildirir ki, yalnız büdcənin böyüklüyü deyil, həm də sağlam idarəetmə, ilkin səhiyyə xidmətlərinin əlçatanlığı və dövlətin səhiyyəyə daha çox vəsait ayırması səmərəliliyin əsas göstəricilərindəndir.
Araşdırmada səhiyyə xidmətlərinin keyfiyyəti deyil, bənzər səviyyədə xərcləyən ölkələr arasında nəticələrin nə qədər effektiv əldə olunduğu ölçülüb. Alimlərin fikrincə, bu nəticələr xüsusilə büdcə böhranı yaşayan ölkələrdə səhiyyə siyasətçiləri üçün faydalı ola bilər.