BAKI, AzerVoice, Səməd Əyyubov
Türkiyədə dəniz üzərində yeni hava limanı inşa ediləcək.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
Nazir qeyd edib ki, inşa ediləcək yeni hava limanı Türkiyədə dəniz üzərində tikiləcək üçüncü hava limanı olacaq.
“Mövcud hava limanımızın bir qədər şimalında, Qara dənizdə üçüncü dəniz üzərindəki hava limanını inşa edəcəyik” – deyə, Uraloğlu bildirib.
O, Trabzondakı mövcud hava limanının ölkənin ən işlək yeddinci hava limanı olduğunu qeyd edib.
Nazir həmçinin bildirib ki, Nəqliyyat və İnfrastruktur Nazirliyi olaraq, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Trabzonda təxminən 175 milyard lirəlik nəqliyyat və rabitə investisiyası həyata keçirilib. Bölünmüş yol uzunluğu 56 kilometrdən 265 kilometrə, isti asfalt örtüyü isə 89 kilometrdən 554 kilometrə çatdırılıb. Tunel uzunluğu isə 600 metrdən 63,6 kilometrə yüksəlib.
Qeyd edək ki, cari ilin iyun ayında Trabzon Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 1 milyon 578 min 355 nəfər olub.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.