BAKI,AzerVoice, Fərid Mikayılov
Qloballaşmanın sürətləndiyi, geosiyasi qeyri-müəyyənliyin artdığı və iqtisadi qarşılıqlı asılılığın dərinləşdiyi müasir beynəlxalq münasibətlər sistemində regional inteqrasiya prosesləri yeni məzmun qazanır. Bu kontekstdə Mərkəzi Asiya regionunda baş verən transformasiyalar xüsusi diqqət çəkir. Son illər region dövlətləri arasında dialoq yeni keyfiyyət mərhələsinə yüksəlib, qarşılıqlı etimadın möhkəmləndirilməsi və institusional əməkdaşlığın dərinləşdirilməsi əsas prioritetlərdən birinə çevrilib.
AzerVoice Uza-ya istinadən xəbər verir ki, Mərkəzi Asiyada regional əməkdaşlıq memarlığının təkamülü, dövlət başçılarının Məşvərət Görüşləri formatının inkişafı və perspektivləri barədə Özbəkistan Beynəlxalq İslam Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtor Nazirovun fikirləri öyrənilib.
Ekspertin sözlərinə görə, XXI əsrin ikinci onilliyindən etibarən Mərkəzi Asiyada dövlətlərarası əməkdaşlığın yeni institusional formaları formalaşmağa başlayıb. Xüsusilə 2018-ci ildən keçirilən Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşləri regionda etimadı möhkəmləndirən, qarşılıqlı koordinasiyanı artıran və inteqrasiya potensialını yüksəldən mühüm dialoq mexanizminə çevrilib. İlkin mərhələdə qeyri-rəsmi və deklarativ xarakter daşıyan bu format 2020-ci illərin ortalarından etibarən institusional cəhətdən möhkəmlənməyə başlayıb.
Qeyd olunur ki, son illərdə Mərkəzi Asiya beynəlxalq münasibətlər sistemində getdikcə daha müstəqil regional subyekt kimi çıxış edir. Xüsusilə 2025-ci il region dövlətləri arasında uzunmüddətli problemlərin həlli, etimadın möhkəmləndirilməsi və xarici tərəfdaşlarla əməkdaşlığın institusional çərçivəyə salınması baxımından mühüm mərhələ olub.
2025-ci il 16 noyabrda Daşkənddə keçirilən yeddinci Məşvərət Görüşündə formatın “Mərkəzi Asiya Birliyi” adlandırılması və Azərbaycanın tamhüquqlu üzv kimi qəbul edilməsi bu təkamülün məntiqi davamı kimi qiymətləndirilir. Bu qərar Mərkəzi Asiya regional memarlığının yalnız beş dövlət çərçivəsində deyil, daha geniş Avrasiya kontekstində yenidən dərk olunmasını zəruri edir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Ali Məclisə və xalqa müraciətində vurğuladığı kimi, Mərkəzi Asiya liderlərinin Daşkənddəki Məşvərət Görüşü zamanı inteqrasiya proseslərini yeni keyfiyyət mərhələsinə yüksəltmək məqsədilə Mərkəzi Asiya Birliyinin strateji format kimi formalaşdırılması təşəbbüsü irəli sürülüb. Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qəbul edilməsi isə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji bağlılığın və sabitliyin gücləndirilməsinə xidmət edir.
Ekspertlər bu prosesi neofunksionalizm və regional təhlükəsizlik kompleksləri nəzəriyyələri kontekstində funksional əməkdaşlıq sahələrinin genişlənməsi və institusional qarşılıqlı asılılığın artması kimi qiymətləndirirlər. Azərbaycanın Mərkəzi Asiya Birliyinə inteqrasiyası regionlararası etimadı gücləndirərək nəqliyyat-logistika, energetika və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsinə imkan yaradır.
Məşvərət Görüşlərinin “Mərkəzi Asiya Birliyi”nə çevrilməsi region tarixində ilk dəfə formal institusional əməkdaşlıq qurumunun yaradılması deməkdir. Bu transformasiya deklarativ tərəfdaşlıqdan praktik mexanizmlərə və uzunmüddətli strateji layihələrə əsaslanan inteqrasiyaya keçidi ifadə edir. Azərbaycanın altıncı tamhüquqlu üzv kimi qəbul edilməsi isə Birliyin coğrafi və geosiyasi əhatəsini əhəmiyyətli dərəcədə genişləndirib.
2017-ci ildə irəli sürülən Məşvərət Görüşləri təşəbbüsü region dövlətlərinin tarixində ilk dəfə vasitəçilərsiz, müntəzəm liderlərarası dialoq platformasının yaradılmasına səbəb olub. 2019–2022-ci illərdə keçirilən görüşlər isə əməkdaşlıq normalarının formalaşdırılması və regional problemlərin həlli baxımından mühüm mərhələ olub. Bu dövrdə sərhəd məsələləri, nəqliyyat əlaqələri, enerji və su resursları üzrə əməkdaşlıq gündəmin əsas mövzularına çevrilib.
2024-cü ilin avqustunda Astanada qəbul edilən “Mərkəzi Asiya – 2040” konsepsiyası region üçün uzunmüddətli inteqrasiya perspektivlərini müəyyənləşdirib. 2025-ci ilin noyabrında Daşkənddə keçirilən yeddinci görüş isə institusional baxımdan dönüş nöqtəsi olub. Görüşdə daimi Katibliyin yaradılması, Ağsaqqallar Şurasının təsis edilməsi, milli koordinatorların səlahiyyətlərinin artırılması və İnfrastrukturun İnkişafı Şurasının formalaşdırılması kimi mühüm qərarlar qəbul edilib.
Azərbaycanın bu prosesə qoşulması inkişaf edən siyasi dialoq və iqtisadi əməkdaşlığın nəticəsi kimi dəyərləndirilir. Geoiqtisadi baxımdan Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropa bazarlarına çıxış imkanı yaradan əsas logistika mərkəzidir. “Orta Dəhliz” və “Zəngəzur” nəqliyyat layihələri Mərkəzi Asiya Birliyi çərçivəsində iqtisadi inteqrasiyanın maddi əsasını təşkil edir.
Rəsmi məlumatlara görə, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2024–2025-ci illərdə 10,7 milyard ABŞ dollarına çatıb və yaxın illərdə bu göstəricinin 20 milyard dollara yüksələcəyi proqnozlaşdırılır.
Nəticə etibarilə, Azərbaycanın Mərkəzi Asiya Birliyinə tamhüquqlu üzv kimi qoşulması regional inteqrasiyanın yeni mərhələsini ifadə edir. Bu addım geoiqtisadi bağlılığı institusional çərçivəyə salır və Mərkəzi Asiyanı Avrasiya məkanında funksional əməkdaşlıq platforması kimi yenidən formalaşdırır.
