BAKI, AzerVoice, Analitik Təhlil Mərkəzi
İsraildə yayımlanan rəsmi məlumatlar ölkədə əhalinin artım tempinin tarixdə ilk dəfə ciddi şəkildə zəiflədiyini göstərir. Bildirilir ki, mənfi miqrasiya balansı və doğum göstəricilərinin azalması fonunda demoqrafik mənzərə 1948-ci ildən bəri görünməmiş səviyyəyə enib.
İsrail Yayım Korporasiyasının məlumatına görə, siyasət araşdırmaları üzrə “Taub Siyasət Araşdırmaları Mərkəz”nin hazırladığı “Dövlətin vəziyyəti – 2025” adlı hesabatda 2025-ci ildə İsraildə əhali artımının cəmi 0,9 faiz təşkil etdiyi qeyd olunub. Hesabat bu göstəricini İsrailin yaradılmasından bəri ilk belə hal kimi dəyərləndirərək, mövcud vəziyyəti “narahatedici demoqrafik mənzərə” adlandırıb.
Hesabatda bildirilir ki, İsrail ardıcıl ikinci ildir mənfi miqrasiya ilə üzləşib. Ölkəni tərk edənlərin sayı gələn və geri qayıdanlardan çox olub və nəticədə təxminən 37 min nəfərlik xalis əhali itkisi qeydə alınıb. Bu tendensiya həm əvvəlki illərdə köç etmiş şəxslərin geri qayıtmaması, həm də İsrail vətəndaşlarının ölkəni tərk etməsinin artması ilə əlaqələndirilir.
Sənəddə həmçinin doğum göstəricilərində azalma müşahidə edildiyi vurğulanır. Son on ildə illik doğumların sayı nisbətən sabit qalsa da, doğum səviyyəsinin aşağı düşməsi ümumi artım tempinə mənfi təsir göstərir.
Proqnozlara əsasən, gələn onilliyin sonuna qədər dünyəvi və ənənəvi yəhudi qadınlarda orta doğum göstəricisi 1,7 uşağa, dindar qadınlarda isə təxminən 2,3 uşağa enə bilər. Ultra-dindar icmada (haredilər) bu göstəricinin 4,3 uşaq səviyyəsinə düşəcəyi gözlənilir. Oxşar azalma meyllərinin ərəb icmasında da müşahidə edildiyi qeyd olunur ki, bu da yaxın illərdə ümumi doğum sayının azalmasına səbəb ola bilər.
Taub Mərkəzinin demoqrafiya şöbəsinin rəhbəri Aleks Vaynrəbin sözlərinə görə, İsrail “təbii artımın zirvəsinin geridə qaldığı yeni bir dövrün astanasındadır”. O bildirib ki, mövcud dəyişikliklər fonunda miqrasiya siyasəti gələcək demoqrafik artım üçün həlledici amilə çevriləcək.
“Beyin axını” dərinləşir
Bundan əvvəl İsrailin Mərkəzi Statistika Bürosunun açıqladığı digər hesabatda ölkədə yüksək ixtisaslı kadrların köçünün artdığı göstərilib. Məlumata görə, 2024-cü ildə İsrail ali təhsil diplomuna malik 55 min nəfər xaricdə yaşayıb.
Rəqəmlər göstərir ki, bakalavr, magistr və doktorluq dərəcəsi olan şəxslər arasında ölkəni tərk edənlərin sayı geri qayıdanlardan çoxdur. Xüsusilə dəqiq elmlər sahəsində vəziyyət daha kəskindir: riyaziyyat üzrə doktorluq dərəcəsi olanların 25,4 faizi, kompüter elmləri üzrə 21,7 faizi, genetika üzrə 19,4 faizi, fizika üzrə 17 faizi İsraildən kənarda yaşayır. Kimya, elektrik mühəndisliyi və biologiya sahələrində bu göstərici təxminən 14 faiz təşkil edir.
2024-cü ilin statistikasına əsasən, ümumilikdə doktorluq dərəcəsi olanların 11,9 faizi, magistr məzunlarının isə 8,1 faizi xaricdə məskunlaşıb.
Köçün səbəbləri
Mərkəzi Statistika Bürosu bu prosesi bir neçə əsas amillə izah edir. Siyasi baxımdan məhkəmə sisteminin zəiflədilməsinə yönələn cəhdlər cəmiyyətdə ciddi gərginlik yaradıb, hökumət üzvlərinin akademik qurumlara qarşı sərt çıxışları isə narazılığı artırıb.
Təhlükəsizlik sahəsində isə iki ildən artıqdır davam edən Qəzza müharibəsi qeyri-müəyyənliyi gücləndirərək bir çox insanı ölkədən kənarda daha sabit həyat axtarmağa sövq edib. Maliyyə müstəvisində isə ali təhsil sektorunun büdcəsi 700 milyon şekel (təxminən 218 milyon ABŞ dolları) azaldılıb.
Mütəxəssislər vurğulayırlar ki, bu demoqrafik dəyişikliklər Fələstin–İsrail münaqişəsi kontekstində xüsusi əhəmiyyət daşıyır. Çünki demoqrafiya uzun illər İsrail siyasətinin əsas sütunlarından biri olub — həm yəhudi miqrasiyasının təşviqi, həm də fələstinlilərə qarşı məhdudlaşdırıcı tədbirlər vasitəsilə ölkədə yəhudi çoxluğunu qorumaq məqsədi güdülüb.