BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi, Orxan Qədirzadə
ABŞ-da Venesuela Prezidenti Nikolas Maduronun zorla saxlanılması, Vaşinqtonun Venesuela üzərində “müvəqqəti idarəetmə” ritorikası və qonşu ölkələrə mümkün güc tətbiqinə dair eyhamlar ABŞ-ın regiona yanaşmasında kəskin dönüşü göstərir.
Donald Tramp administrasiyası bu addımları narkotik ticarəti və “narko-terrorizm”lə mübarizə çərçivəsində əsaslandırır. Bununla belə, baş verənlər Birləşmiş Millətlər Təşkilatının çərçivəsindən kənar güc tətbiqi ilə bağlı presedent müzakirələrini gücləndirir və regionda təhlükəsizlik balansına dair suallar yaradır.
Həm tənqid, həm də dəstək mövqelərində ortaq görünən məqam odur ki, prosesin arxa planında Venesuelanın enerji resursları – xüsusilə neft amili əsas yer tutur.
Venesuelada əməliyyat: nə baş verdi
3 yanvar tarixində ABŞ Venesuela ərazisində genişmiqyaslı hərbi əməliyyat həyata keçirib. Əməliyyat zamanı ölkənin fəaliyyətdə olan prezidenti Nikolas Maduro ABŞ hərbçiləri tərəfindən həyat yoldaşı Siliya Floreslə birlikdə zorla saxlanılaraq ölkə hüdudlarından kənara çıxarılıb. Vaşinqton addımı narkotik ticarəti və transmilli cinayətkarlıqla mübarizə, eləcə də Venesuela liderinə qarşı mövcud cinayət ittihamları ilə izah edib.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ “təhlükəsiz və məqbul keçid” baş verənədək Venesuela üzərində “xarici idarəetmə” aparacaq. Lakin bu idarəetmənin mexanizmləri və hüquqi çərçivəsi açıqlanmayıb. ABŞ-ın dövlət katibi Marko Rubio isə Vaşinqtonun ölkənin gündəlik idarəçiliyini üzərinə götürmək niyyətində olmadığını bildirib.
Nikolas Maduronun Nyu-York federal məhkəməsində narkotik ticarəti ilə bağlı ittihamlar üzrə hakim qarşısına çıxacağı bildirilir. Paralel olaraq, hadisələrin beynəlxalq müstəvidə yaratdığı hüquqi-siyasi rezonans BMT platformalarında da gündəmdə qalır.
Saxlanıldıqdan sonra Maduro Nyu-Yorka aparılıb və həyat yoldaşı Siliya Floreslə birlikdə həbsdə saxlanılır. Onların paytaxtdakı istintaq təcridxanasında yerləşdirildiyi qeyd olunur.
Məlumatlara görə, Maduro sutkada 23 saata qədər kamerada qala bilər. Bu təcridxana daha əvvəl də qalmaqallı tanınmış fiqurların saxlanıldığı yer kimi istifadə olunub və saxlanma şəraiti müxtəlif iddialar fonunda tənqid hədəfinə çevrilib.
Konstitusion qərar: müvəqqəti səlahiyyətlərin ötürülməsi
Venesuela Ali Məhkəməsinin Konstitusiya Palatası qərar qəbul edərək vitse-prezident Delsi Rodrigesin Nikolas Maduronun yoxluğu səbəbilə ölkə prezidenti vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etməsini təsdiqləyib.
Qərarda bildirilir ki, Rodriges Bolivar Respublikası Venesuelada “inzibati davamlılığın və millətin hərtərəfli müdafiəsinin təmin edilməsi” məqsədilə prezident səlahiyyətlərini üzərinə götürür. Məhkəmə eyni zamanda, prezidentin məcburi yoxluğu şəraitində dövlətin davamlılığını, idarəçiliyi və suverenliyin qorunmasını təmin edəcək hüquqi mexanizmlərin müəyyənləşdirilməsi üçün araşdırmaların davam etdiriləcəyini vurğulayıb.
Neft amili və bazar reaksiyası
Maliyyə bazarları Venesueladakı hadisələrə venesuelalı aktivlərin dəyərinin artması ilə reaksiya verib. Bu, siyasi-iqtisadi dəyişiklik gözləntilərinin gücləndiyini göstərir. Bununla yanaşı, aydın keçid modeli və institutların bərpası olmadan ölkənin uzun müddət qeyri-sabitlik vəziyyətində qalması ehtimalı da gündəmdədir.
ABŞ-ın Venesueladakı addımları bazarlarda əsasən neft resurslarına çıxış kontekstində qiymətləndirilib. Donald Trampın Venesuela ilə bağlı açıqlamaları fonunda ABŞ neft şirkətlərinin qiymət göstəricilərində yüksəliş müşahidə olunub.
Venesuela dünyada ən böyük sübut olunmuş neft ehtiyatlarına malikdir. Lakin son onilliklərdə idarəetmə problemləri, sənayenin milliləşdirilməsi, xarici investisiya çatışmazlığı və sanksiyalar nəticəsində hasilat kəskin şəkildə zəifləyib.
Donald Tramp jurnalistlərə bildirib ki, Venesuelaya investisiya planlarını ABŞ neft şirkətləri ilə həm Nikolas Maduronun saxlanılmasından əvvəl, həm də sonra müzakirə edib. Onun sözlərinə görə, iri neft şirkətləri infrastrukturu bərpa edəcək, investisiya qoyacaq, ABŞ isə birbaşa maliyyə yatırımı etməyəcək.
Məlumatlara görə, ABŞ administrasiyası neft şirkətlərinə Venesuelaya sürətlə qayıdıb neft sektorunun bərpasına əhəmiyyətli kapital yatırmaq zərurəti barədə mesaj verib. Bu xəttin fonunda Venesuelada xüsusi icazə ilə işləməkdə davam edən yeganə iri Amerika şirkəti olan Şevronun qiymət göstəricilərində artım qeydə alınıb. Eyni zamanda, neft emalı və servis şirkətlərinin də bu prosesdən qazanc əldə edə biləcəyi ehtimalı ilə bazarda aktivlik artıb.
Analitik qiymətləndirmələrdə vurğulanır ki, venesuelalı neftin xüsusiyyətləri ABŞ-ın Meksika körfəzi sahilində yerləşən neft emalı zavodları üçün uyğundur; həmin zavodlar tarixi olaraq belə xammal növləri əsasında qurulub.
Bununla yanaşı, hasilatın bərpasının uzun vaxt tələb edəcəyi bildirilir. Müqayisə üçün, 1970-ci illərdə Venesuela sutkada 3,5 milyon barelə qədər neft hasil edirdisə, ötən il hasilat təxminən 1,1 milyon barelə düşüb ki, bu da qlobal hasilatın təxminən 1 faizi deməkdir.
Kolumbiya və Meksika ilə bağlı siqnallar
Donald Tramp kokain istehsalı ilə bağlı vəziyyəti şərh edərkən Kolumbiyaya qarşı hərbi addımlar ehtimalını da dilə gətirib. Onun bir suala cavab olaraq “pis səslənmir” deməsi regionda sərt reaksiyalara səbəb olub.
Meksika ilə bağlı isə ABŞ prezidenti “nəsə etmək lazım gələcək” ifadəsini işlədib, lakin konkret addımları açıqlamayıb. Bu tip bəyanatlar regionda əlavə gərginlik yaradır və Vaşinqtonun təhlükəsizlik gündəliyində sərtləşmə siqnalları kimi qəbul olunur.
Beynəlxalq müstəvidə gündəm
Nikolas Maduronun saxlanılması ilə bağlı məsələ BMT Təhlükəsizlik Şurasında müzakirə predmeti kimi gündəmə çıxarılıb. Bildirilir ki, ABŞ əməliyyatından sonra fövqəladə iclas çağırılıb; əməliyyat zamanı hərbi obyektlərin vurulduğu və Karakasın bəzi bölgələrində enerji təminatının pozulduğu qeyd olunur. Venesuela tərəfi ölənlərin sayının 80 nəfərə çatdığını bildirib.
Rusiya və Çin ABŞ-ı beynəlxalq hüququ pozmaqda ittiham edib. ABŞ-ın bir sıra tərəfdaşları isə əsasən beynəlxalq hüquqa riayət çağırışları ilə kifayətlənib. Fransanın xarici işlər naziri Jan-Noel Barro ABŞ-ın beynəlxalq hüququn əsasını təşkil edən güc tətbiq etməmək prinsipini pozduğunu bəyan edib.
ABŞ isə BMT Nizamnaməsinin 51-ci maddəsinə — özünümüdafiə hüququna istinad edib. ABŞ-ın BMT-dəki səfiri Mayk Uolts Maduronu “narkobaron və qeyri-legitim lider” adlandırıb.
ABŞ-ın yeni milli təhlükəsizlik xətti
2025-ci ilin sonunda yayımlanmış ABŞ-ın milli təhlükəsizlik strategiyası diqqəti Qərb yarımkürəsinə yönəldir. Sənəddə narkotik ticarəti və transmilli cinayətkarlıqla mübarizə, miqrasiya axınlarına nəzarət, tədarük zəncirlərinin və strateji resursların təhlükəsizliyi, habelə hüquq-mühafizə alətlərinin “işləmədiyi” hallarda dövlət olmayan aktorlara qarşı öldürücü tədbirlər də daxil olmaqla hərbi gücdən istifadəyə çıxışın genişləndirilməsi kimi prioritetlər qabardılır.
Bu yanaşma regionda ABŞ-ın dominant rolunu gücləndirən xətt kimi şərh olunur və Vaşinqtonun yeni təhlükəsizlik məntiqini sərtləşdirdiyini göstərir.
Venesuelada baş verənlər təkcə bir əməliyyatın hüdudlarını aşır və beynəlxalq münasibətlərdə yeni, daha sərt güc məntiqinin önə çıxdığını göstərir. Fəaliyyətdə olan prezidentin zorla saxlanılması, “xarici idarəetmə” ritorikası və enerji resursları ətrafında formalaşan mesajlar qaydalardan iyerarxiyaya keçidin açıq göstəricisi kimi görünür.
Bu mənada Venesuela həqiqətən “hələ başlanğıc” ola bilər; əsas sual bu məntiqin növbəti dəfə harada və kimə qarşı tətbiq olunacağıdır.