BAKI,AzerVoice
Əmir Teymur (1336–1405), Tamerlan, Temür və ya Teymur Leng adları ilə də tanınırdı. Mərkəzi müasir Özbəkistan ərazisində yerləşən və paytaxtı Səmərqənd olan Teymurilər imperiyasının (1370–1507) banisi idi. Monqol mənşəli olduğunu iddia edən müsəlman türk tayfa başçısı olan Teymur Orta Asiyanı sürətlə fəth etmiş, daha sonra Rusiya, Yaxın Şərq və Hindistana uğurlu hücumlar həyata keçirmişdir. Əsasən sərt hərbi taktika ilə tanınan Teymur, zaman keçdikcə bəzi darirələrin propaqandası sayəsində zalım və qəddar hökmarn kimi tanıdıldı.
Teymur 1336-cı ildə Orta Asiyanın böyük ticarət şəhəri olan Səmərqəndin yaxınlığında, o dövrdə Mavəraünnəhr adlanan və təxminən indiki Özbəkistana uyğun gələn ərazidə anadan olmuşdur.
Teymurun adı əvvəlki əsrlərdə ingilis dilində daha çox işlədilən “Tamerlane” forması farsca Timür-i Leng ifadəsinin təhrifidir və “Topal Teymur” mənasını verir. Bu, onun gənclik illərində bir basqın zamanı sağ ayağından və sağ qolundan aldığı xəsarətlər nəticəsində topal qalmasına işarə edən aşağılayıcı addır.
Teymur türk və monqol mənşəli idi, lakin nüfuz qazanmaq məqsədilə sonradan özünü böyük monqol hökmdarları ilə əlaqələndirməyə xüsusi diqqət yetirmiş, bunu əsasən arvadlarından birinin əcdadları üzərindən etmişdir. Tarixçi D. Morqan qeyd edir ki, Teymur “mənşəcə monqol idi, dininə görə müsəlman, dili və mədəniyyətinə görə isə türk” idi (s. 176).
Monqol imperiyasının süqutu
Monqol imperatoru Çingiz xan (hakimiyyəti: 1206–1227) vəfat etdikdən sonra yaratdığı nəhəng Monqol imperiyasını (1206–1368) dörd oğluna avtonom şəkildə idarə etmək üçün bölmüşdü. Bu dörd hissə və ya xanlıqlar ( “xan” sözü “hökmran” deməkdir ) belə idi:
Çağatay xanlığı (təqr. 1227–1363)
İlxanilər dövləti (1260–1335)
Qızıl Orda (təqr. 1227–1480)
Böyük xan imperiyası - Yuan sülaləsi (1271–1368)
İlk üç xanlıq növbəti əsr ərzində tədricən zəiflədi, çünki döyüşkən köçəri monqol elitası zamanla fəth etdikləri oturaq cəmiyyətlərin bir hissəsinə çevrildi. Daha sonra bu ərazilər xırda siyasi birliklərə parçalandı və 1340-cı illərdə Qara Taunun yayılması ilə daha da zəiflədi. Monqolların Çinə nəzarəti isə 1368-ci ildən etibarən Min sülaləsinin yüksəlişi ilə sona çatdı.
Teymurun yüksəlişi
Mükəmməl atçılıq bacarığı Teymurun qoşunlarına sürətlə və gözlənilməz yerlərdən hücum etməyə imkan verirdi.
Teymur Çağatay xanlığında böyümüş və həmin dövlətin uğurlu yürüşlərində iştirak etmişdir. O, Çağatay xanı Tuğluq Teymurun oğlu olan İlyas Xocanın (vəf. 1368) yanında vəzir kimi fəaliyyət göstərmişdir.
Daha sonra Teymur qayınatası olan monqol hökmdarı Əmir Hüseynlə ittifaq qurmuş və 1366-cı ilə qədər bəzi əraziləri ələ keçirmişdir. Hüseynin ölümündən sonra isə təxminən 1370-ci ildə Transoksaniyada tam hakimiyyəti öz əlinə almış və arvadlarından birinin monqol xanlarına bağlı nəsil əlaqələrindən istifadə edərək özünü yeni hökmdar kimi legitimləşdirmişdir.
Teymurilər imperiyasının qurulması
1370-ci illərdən etibarən Teymur keçmiş Çağatay və İlxani ərazilərinə göz dikmişdi. Bu torpaqlar əsasən indiki Cənubi Qazaxıstanı, Qərbi Tacikistanı, İranı və Türkmənistan, Türkiyə, İraq, Əfqanıstan və Pakistanın bəzi hissələrini əhatə edirdi.
Monqollar kimi, Teymur da oxla silahlanmış yüngül süvari və zirehli atlara malik ağır süvari birliklərindən istifadə edirdi. Uzun nizələrlə silahlanmış bu qoşunlar sürətli və qəfil hücumlar edirdi. Müxtəlif mənşəli döyüşçülər Teymura sadiq idilər, çünki o, qənimət vədlərini demək olar ki, həmişə yerinə yetirirdi.
Teymur demək olar ki, hər zaman qoşunlarına şəxsən rəhbərlik edirdi. Morqanın qeyd etdiyi kimi, o, “şübhəsiz ki, olduqca istedadlı və uğurlu bir sərkərdə idi. Lakin dağıntıya və səbəbsiz qəddarlığa Çingizin belə mənasız hesab edəcəyi səviyyədə meyl edirdi”.
Onun digər üstünlükləri arasında ittifaqlar qurmaq, hiylələrdən istifadə etmək, düşmənlərini döyüşdən əvvəl siyasi intriqalar və ixtilaflarla zəiflətmək bacarığı da var idi.
Teymurun fəthləri son dərəcə amansız idi. İddia olunur ki, güya o əsirləri diri-diri qüllələrə hördürür, məğlub edilmişlərin sümüklərindən xatirə abidələri tikdirirdi.
Məqsəd digər şəhərlərin müqavimət göstərmədən təslim olmasını təmin etmək idi. Lakin zorakılıq həmişə həddindən artıq idi və həm qeyri-müsəlmanlara, həm də müsəlmanlara qarşı tətbiq olunurdu.
Müasir Türkiyə ərazisində yerləşən Van şəhəri vaxtilə Urartu dövlətinin paytaxtı və XIV əsrdə mühüm mədəni mərkəz Teymurun ən məşhur qurbanlarından biri idi. Şəhər 1387-ci ildə talan edilmiş və Teymur 7 min əsiri qaladan aşağı atdıraraq öldürtmüşdü.
Teymurun imperiyasının genişlənməsi
Teymurun qurduğu nəhəng Teymurilər imperiyası zamanla qərbdə Aralıq dənizindən şərqdə Çin sərhədlərinədək, şimalda Xəzər və Aral dənizlərindən cənubda Fars körfəzi və Ərəb dənizinədək uzanırdı.
1390-cı illərə gəldikdə, Orta Asiya tamamilə onun nəzarəti altına keçmişdi.
1395-ci ildə Teymur Qızıl Ordaya hücum etdi. 14 aprel 1395-ci ildə Rusiyanın cənubunda, Terek çayı sahilində baş verən döyüşdə Teymur Qızıl Orda hökmdarı Toxtamışın (təqr. 1376–1395) ordusunu tamamilə darmadağın etdi.
Toxtamış əvvəllər Teymur tərəfindən taxta çıxarılmış bir kukla hökmdar idi, lakin sonradan böyük fatehə tabe olmaqdan imtina etmişdi.
Bu qələbə Teymura Moskvanı bir il müddətinə işğal etmək və Aşağı Volqa boyunca yerləşən ərazilərin böyük hissəsini fəth etmək imkanı verdi. Bu torpaqlara Qızıl Ordanın ən mühüm ticarət mərkəzlərindən biri olan Saray şəhəri də daxil idi. Teymur adətinə uyğun olaraq şəhəri amansızcasına talan etdi və bu, Sarayın gələcək taleyinə geri dönməz zərbə vurdu.
Bundan əlavə, Sarayın zəngin arxivlərinin məhv edilməsi Qızıl Orda tarixini araşdıran tarixçilər üçün bu günə qədər böyük itki hesab olunur. Saray kimi, Qızıl Orda dövləti də Teymurun yürüşündən sonra əvvəlki nüfuzunu bir daha bərpa edə bilmədi.
Hindistan yürüşü
Əldə etdiyi qənimətlərlə kifayətlənməyən Teymur növbəti hədəf kimi Hindistanın zənginliyini seçdi. 1398–1399-cu illərin qışında o, Hind yarımadasına hücum etdi və Panipat döyüşündə Dehli sultanı Mahmud Şah II-nin (hakimiyyəti: 1394–1413) ordusunu məğlub etdi.
Bundan sonra Teymur təxminən 80 kilometr irəliləyərək Dehli Sultanlığının (1206–1526) paytaxtı olan Dehli şəhərini talan etdi və viran qoydu. Bu talan Teymurun fəth üslubunun klassik nümunəsi idi.
Tarixçi S. Mansinq yazır: “Bu tək basqın zamanı baş verən qarət, zorlamalar və qırğın hindlilərin kollektiv yaddaşında anarxiya və fəlakətin silinməz izini buraxdı. Tarixçi Bədəuninin sözləri ilə desək, ‘Dehli üzərinə elə bir aclıq və taun gəldi ki, şəhər tamamilə məhv oldu; sağ qalan sakinlər də öldü və iki ay boyunca bir quş belə qanad çalmadı’.”
Son yürüşlər
Teymurun fəth ehtirası həyatının son illərində də davam etdi.
1399-cu ildə Suriyaya yürüş etdi və Hələb şəhərini talan etdi.
1401-ci ildə Bağdad dağıdıldı.
1402-ci ildə isə Anadolunun növbəsi çatdı və bölgə geniş miqyasda viran qoyuldu.
Nəhayət, Orta Asiyanın böyük fatehi Min sülaləsinin idarə etdiyi Çinə qarşı son dərəcə cəsarətli bir yürüşə başladı. Lakin bu səfər yarımçıq qaldı Teymur 1405-ci ilin fevralında, yolda olarkən vəfat etdi.
Səmərqənd və mədəni nailiyyətlər
Fəth etdiyi xalqlara qarşı sərt rəftarı ilə tanınmasına baxmayaraq, Teymurun imperiyası müəyyən mədəni nailiyyətlər də əldə etmişdi. Səmərqənd paytaxt elan edildi və Teymur şəhərin gözəlləşdirilməsi və mədəni inkişafı üçün xüsusi səylər göstərdi.
O, fəth etdiyi ərazilərdən alimləri, sənətkarları, memarları və ustaları yüksək məvacib qarşılığında Səmərqəndə köçürürdü. Şəhər vaxtilə Monqol imperiyasının mühüm inzibati mərkəzi olmuş və İpək Yolunun əsas dayanacaqlarından biri idi.
Teymur Səmərqəndi Çingiz xanın dağıtdığı köhnə şəhərin yanında bir qədər genişləndirdi və şəhərin ətraf məhəllələrinə fəth etdiyi şəhərlərin adlarını verdi. Gözəl tikililəri və bağları sayəsində Səmərqənd Qərbi Avropada Orta Asiyanın ekzotik və sirli şəhərlərinin simvoluna çevrildi.
Teymur xüsusilə dini tikililərə məscidlərə və ziyarətgahlara böyük sərmayə qoyurdu. Bu tikililər firuzə və göy rəngli mozaikalarla, qızıl naxışlarla zəngin şəkildə bəzədilirdi. Bu günə çox az hissə gəlib çatsa da, Böyük Məscid, Şah-i Zində kompleksi və Teymurun cəsədinin yerləşdiyi nəhəng qübbəli Gür-Əmir türbəsi qorunub saxlanılmışdır.
Teymur 19 fevral 1405-ci ildə, Çinə gedərkən, müasir Qazaxıstan ərazisində yerləşən Otrar şəhərində vəfat etdi. Onun qurduğu hakim sülalə tarixdə Teymurilər adı ilə tanınır. Birbaşa varisi oğlu Şahrux (1377–1447) olmuşdur.
Lakin heç bir Teymuri hökmdar imperiyanın banisi qədər uğur qazana bilmədi. Teymurun dövlətçilik bacarığının və ya istəklərinin zəif olması səbəbindən imperiya sürətlə zəifləməyə başladı, çünki köçəri sərkərdə fəth etdiyi torpaqlarda daimi inzibati institutlar yaratmamışdı.
Teymurun tarixdə ən sətr fatehlərdən biri kimi reputasiyası onun imperiyasından daha uzunömürlü oldu.
Teymurun imperiyası sürətlə kiçilsə də, Teymurilər sülaləsi XVI əsrə qədər Türküstan və ətraf bölgələrdə hakimiyyətini qoruyub saxladı. Səmərqənd xüsusilə astronomiya və digər elmlər sahəsində mühüm mədəni mərkəz olaraq inkişaf etməyə davam etdi.
Teymurun ən məşhur nəslindən olanlardan biri Babur (1483–1530) idi. Onun dövləti Əfqanıstanda, Kabil mərkəzli idi. Babur da ulu babası kimi Dehlini fəth etdi, lakin ondan fərqli olaraq daha qalıcı bir miras qoydu Hindistanda Böyük Moğol imperiyasının (1526–1857) əsasını qoydu.