BAKI,AzerVoice
1968-ci il təvəllüdlü Seyid Asim Munir Əhməd Şah hazırda Pakistan Silahlı Qüvvələrinin 11-ci Baş Qərargah rəisidir. O, bu vəzifəyə 29 noyabr 2022-ci ildə təyin olunub. Ordu rəhbəri təyin edilməzdən əvvəl Qərargah Komandanlığında Təchizat üzrə Baş Komandan kimi fəaliyyət göstərib.
O, 2019-cu ilin 17 iyunundan 2021-ci ilin 6 oktyabrına qədər Cuciənavalada yerləşən koppusların birinə komandanlıq edib. Bundan əvvəl isə, 2019-cu il 16 iyuna qədər Pakistan Hərbi Kəşfiyyat İdarəsinin (ISI) 28-ci baş direktoru olub. Asim Munir, Manqladakı Zabit Hazırlıq Məktəbində (OTS) təhsil alarkən “Şərəf Qılıncı” (Sword of Honour) mükafatını qazanıb.
Asim Munir Qərbi Pakistanın Ravalpindi şəhərində, Hindistanın Pəncab əyalətinin Calandhar bölgəsindən olan pəncablı bir ailədə doğulub. Ailəsi Hindistanın 1947-ci ildə bölünməsindən sonra mühacirət edib. Onlar əvvəlcə Toba Tek Singh bölgəsinə, daha sonra isə Ravalpindidəki Dheri Hasanabad məhəlləsinə köçüblər.
Onun atası Seyid Sarvar Munir, Ravalpindidə yerləşən FG Texniki Orta Məktəbinin direktoru və eyni zamanda Dheri Hasanabad məhəlləsindəki Qureyş məscidinin imamı olub və tez-tez cümə xütbələri verirmiş. Munirin iki qardaşı var: Seyid Qasım Munir və Seyid Haşim Munir. Qardaşlarından biri dövlət məktəbində müəllim işləyir.
Asim Munir dini təhsilini Ravalpindidəki ənənəvi bir İslam məktəbində – “Dar Ət-Təcvid” mərkəzində alıb. Gənclik illərində isə yerli kriket komandasının sürətli top atan oyunçularından biri olub.
Sonralar təhsilini Yaponiyadakı “Fujiy” Hərbi Məktəbində, Kvettadakı Komandanlıq və Qərargah Kollecində, Kuala Lumpurda yerləşən Malayziya Silahlı Qüvvələri Kollecində və İslamabaddakı Milli Müdafiə Universitetində davam etdirib. O, burada dövlət siyasəti və strateji təhlükəsizlik idarəçiliyi üzrə magistr dərəcəsi alıb.
Asim Munir, Manqladakı Zabit Hazırlıq Məktəbinin 17-ci buraxılışının məzunudur. O, Sərhəd Qvardiyasının 23-cü batalyonunda xidmətə başlayıb və hərbi karyerasına 25 aprel 1986-cı ildə start verib.
Mayor rütbəsində olarkən o, Pakistanla Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlıq çərçivəsində Ər-Riyadda xidmət edib. Eyni zamanda Siaçin buzlağı bölgəsində də xidmət göstərib.
General-mayor rütbəsinə yüksəldikdən sonra, o, Pakistanın “İlk Zərbə Korpusu”nun (Manqla) Baş Qərargah rəisi olub və Şimal bölgələrində yerləşən piyada briqadasına rəhbərlik edib. 2024-cü ildə general-leytenant rütbəsi alan Munir, Pakistanın şimalında yerləşən qüvvələrə komandanlıq edib.
2016-cı ildə o, Pakistan Hərbi Kəşfiyyat İdarəsinin (MI) baş direktoru olub. 2018-ci ilin mart ayında "Hilal-e-Imtiaz" – “Fərqlənmə Ayı” medalı ilə təltif edilib. Həmin ilin sentyabrında ordu generalı rütbəsinə yüksəldilib və dərhal sonra ISI-nin başına gətirilib.
2019-cu ilin iyununda ISI rəhbəri postunda general Fəiz Həmid onu əvəz edib. Sonra Munir 2019-cu ildə Cuciənavala şəhərində yerləşən ordu korpusunun komandanı təyin olunub. 2021-ci ildən 2022-ci ilin noyabrına qədər o, Təchizat üzrə Baş Komandan kimi Qərargahda xidmət edib. Noyabr ayında isə general rütbəsinə (4 ulduzlu) yüksəldilərək Pakistan Ordusunun Baş Qərargah rəisi təyin olunub.
Asim Munir bu vəzifəyə təyin edilərkən Pakistan Ordusundakı ən yüksək rütbəli general idi. 2022-ci ilin dekabrında Prezident Arif Əlvi tərəfindən ona “Nişan-e-Imtiaz” – “Fərqlənmə Ordeni” təqdim olunub. Mükafatlandırma mərasimi Prezident Sarayında baş nazir Şahbaz Şərifin iştirakı ilə keçirilmiş, tədbirdə parlament üzvləri, nazirlər və diplomatlar iştirak etmişlər.
Munir, Pakistan ordusunun tarixində həm “Şərəf Qılıncı”nı qazanmış, həm də Baş Qərargah rəisi təyin olunmuş üçüncü şəxsdir. Ondan əvvəl yalnız Asif Nəvaz Cəncua və Cahangir Kəramat bu yolu keçmişdir. Həmçinin, Pakistan tarixində eyni zamanda həm Hərbi Kəşfiyyat İdarəsinə (MI), həm də Daxili Kəşfiyyat Xidmətinə (ISI) rəhbərlik etmiş yeganə ordu başçısıdır.
Pakistan Kəşfiyyat İdarəsinin (ISI) rəhbəri (2018–2019)
General Asim Munir 25 oktyabr 2018-ci ildə Pakistanın Baş naziri İmran Xanın dövründə ISI-nin baş direktoru təyin olundu. O, 2019-cu ildə Hindistanla baş verən gərginlik zamanı bu vəzifəni icra edirdi və iki ölkə arasında kritik məlumat mübadiləsinə rəhbərlik etmişdi. Xüsusilə, Hindistanın təhdidinə qarşı Pakistanın hərbi və siyasi rəhbərliyinə güclü cavab verməyə dair verdiyi tövsiyələr ölkənin strateji reaksiyasına birbaşa təsir göstərmişdi.
Lakin Munirin ISI rəhbəri kimi fəaliyyəti Pakistan tarixində ən qısa müddətli rəhbərlik dövrü hesab olunur. İddialara görə, o, İmran Xanın həyat yoldaşı Büşra Bibinin korrupsiya fəaliyyətlərini üzə çıxardığı üçün, ordu baş komandanı Qamar Cavid Bacvanın təzyiqi ilə vəzifədən azad edilmişdi.
İmran Xan bu iddiaları “tamamilə yalan” adlandıraraq, sosial şəbəkə platforması X-də bunları qeyd etmişdi: “Bu, tamamilə uydurmadır. General Asim mənə həyat yoldaşım barədə heç bir sübut təqdim etməyib və mən ondan bu səbəbdən istefa istəməmişəm”.
Baş Qərargah Rəisi (2022–dən indiyədək)
General Munirin təqaüdə çıxması 2022-ci ilin 27 noyabrına planlaşdırılmışdı. Lakin həmin tarixdən cəmi üç gün əvvəl – 24 noyabrda Baş Qərargah rəisi vəzifəsinə təyin edildi. Müdafiə Nazirliyi onun istefa ərizəsini rədd edərək xidmət müddətini uzatdı. Baş nazir Şahbaz Şərif və onun qardaşı, sabiq baş nazir Nəvaz Şərif arasında aparılan məsləhətləşmələr nəticəsində Asim Munirin namizədliyi irəli sürüldü və Prezident Arif Əlvi həmin gün onun təyinatını təsdiqlədi. Beləliklə, Munirin xidmət müddəti rəsmi olaraq daha üç il uzadıldı.
O, 29 noyabr 2022-ci ildə – əvvəlcədən planlaşdırılmış təqaüd tarixindən iki gün sonra – Pakistan Ordusunun Baş Qərargah rəisi vəzifəsini icra etməyə başladı. Təyinat zamanı altı yüksək rütbəli general arasında seçim aparılmış və onun təyinatı geniş şəkildə strateji qərar kimi qiymətləndirilmişdi.
Pakistan Ordusunun Baş Qərargah rəisi… mürəkkəb geosiyasətdə “kölgədəki strateq”
Ənənədən kənar nadir bir hal baş verdi: ABŞ-ın sabiq prezidenti Donald Tramp Pakistan ordusunun Baş Qərargah rəisi, marşal Seyid Asim Munirlə görüş keçirdi. Maraqlıdır ki, bu görüşdə ABŞ-ın hərbi rəhbərliyi iştirak etmirdi. Görüşün qeyri-adi tərəfi təkcə formatı deyil, həm də bölgədə gərginliyin artdığı bir zamanda baş tutması idi. Bu, müşahidəçiləri görüşün arxa planı və mümkün nəticələri barədə düşünməyə vadar etdi.
Hazırda bütün diqqətlərin Oman və Qətər kimi regionda vasitəçi rollarında çıxış edən ölkələrə yönəldiyi vaxtda, çoxları unutmuşdu ki, 1979-cu il İran inqilabından sonra, ABŞ-da İranın maraqlarını rəsmi olaraq Pakistan təmsil edir.
İranla 900 mil sərhədi olan Pakistan, Tehranla açıq kəşfiyyat
savaşına girib. Hərçənd ki, iki ölkə arasında siyasi və mədəni
əlaqələr dərin köklərə malikdir, üstəlik Pakistan xaricdəki
ən böyük şiə icmasına ev sahibliyi edir, lakin Pakistanın
hərbi kəşfiyyatı (ISI) ilə İranın İnqilab Keşikçiləri Korpusu
(Sepah) arasında münasibətlər illərdir düşmənçilik xarakteri
daşıyır.
Bu münasibətlər daha çox 1980-ci illərdən bu yana davam edən “kölgə
müharibəsi”nə bənzəyir. Suriyadan Beyrutdakı fələstinli
düşərgələrə, Azərbaycan və Əfqanıstana qədər, tərəflər bir çox dəfə
bir-birinə qarşı dolayı yollarla qarşılaşıblar.
Bu fon Pakistan ordusunu və onun başçısı Asim Muniri ABŞ-ın Cənub və Qərbi Asiyadakı siyasətində olduqca əhəmiyyətli fiqura çevirir. Tramp da bu görüşdən sonra etiraf etdi ki, Munir 2024-cü ilin əvvəlində Hindistan və Pakistan arasında artan gərginliyi azaltmaqda əsas rol oynayıb. O həmçinin ABŞ-ın ən çox axtarılan terrorçusunun Əfqanıstanda ələ keçirilməsində əsas şəxs olub. Trampın diqqətçəkən sözlərindən biri də bu idi: “Pakistan ordusu İranı ABŞ-dan daha yaxşı tanıyır”.
Bəs kimdir Asim Munir – Vaşinqtonun etibar etdiyi, mürəkkəb regional təhlükəsizlik mühitində “kölgədəki strateq” kimi tanınan şəxs?
Hindistan-Pakistan qarşıdurmasında səssiz qəhrəman
Yaxın keşmişdə dünya diqqəti – qısa müddətə də olsa – Qəzza və ya Ukrayna deyil, Hindistanla Pakistan arasında baş verən yeni gərginliyə yönəldi. Hər dəfə bu iki ölkə qarşı-qarşıya gəldikdə, dünyada nüvə müharibəsi ehtimalı barədə narahatlıqlar artır. Bu dəfə isə, ABŞ Prezidenti Donald Tramp və senator Marko Rubionun dediyinə görə, vəziyyət həqiqətən də uçuruma yaxın idi. Ancaq bu kritik anda, Trampın rəhbərliyi ilə senator Marko Rubio və senator Cey Di Vens tərəfindən həyata keçirilən 24 saatlıq intensiv diplomatik telefon danışıqları nəticəsində tərəflər arasında tam atəşkəs əldə olundu.
Bu atəşkəs, Hindistan və Pakistan arasında qarşılıqlı hava hücumları və dərinlikdəki mövqelərə pilotsuz uçuş aparatları ilə edilən zərbələrdən sonra baş verdi. Rəsmi nəticələr hələ də müzakirə olunsa da, bəzi məlumatlara görə Pakistan Hərbi Hava Qüvvələri dəqiq və uğurlu zərbələr endirib.
Bütün bu hadisələr fonunda bir şəxs xüsusilə ön plana çıxdı: Pakistan Ordusunun Baş Qərargah rəisi general Asim Munir. ABŞ-ın Tampa şəhərində yerləşən Mərkəzi Komandanlığındakı (CENTCOM) yüksək rütbəli zabitlərdən soruşsanız, onlar açıq şəkildə bildirər ki, Munir Qərbi Asiyada sabitliyin qorunmasında əsas rol oynayan, həm də Yaxın Şərqə təsir göstərə bilən qətiyyətli və strateji fiqurdur. Artıq dünya da bu reallığın fərqindədir.
Pakistan Ordusunun rəhbərləri, “Forbes” və “Time” kimi nüfuzlu jurnalların hazırladığı dünyanın ən güclü 100 hərbi lider siyahısında müntəzəm olaraq yer alırlar. Bu, Pakistan Ordusunun kəmiyyət və keyfiyyət baxımından böyüklüyü ilə yanaşı, onun malik olduğu nüvə silahları və Çin, Səudiyyə Ərəbistanı, ABŞ kimi ölkələrlə qurduğu strateji əlaqələrlə bağlıdır. Bu səbəbdən, təxminən 700 min əsgəri olan bu ordunun rəhbəri kim olacaq – bu, dünya mediasının 3–6 ildən bir cavab axtardığı əsas suallardandır.
Fərqli yol: Asim Munirin yüksəlişi
Asim Munirin digər Pakistan generallarından əsas fərqi onun keçdiyi yoldadır – bu yol nəinki fərqlidir, hətta keçmiş dövrlərdə bir generalın bu qədər qeyri-ənənəvi yolla ordu rəhbəri olacağını təsəvvür etmək belə çətin idi.
O, Pakistan ordusunun tarixində dini məktəbdə təhsil almış ilk ordu başçısıdır. Əvvəlki rəhbərlərin əksəriyyəti ya Britaniya dövründən qalma elit internat məktəblərində, ya da Pakistan Ordusunun elitar Kakul Hərbi Akademiyasında təhsil alıblar. Munir isə tanınmamış və artıq fəaliyyətdə olmayan Manqla Zabit Hazırlıq Məktəbində oxuyub. O, son 40 il ərzində Qərb ölkələrində (ABŞ, Böyük Britaniya, Kanada) təhsil almadan ordu başçısı olmuş ilk şəxsdir.
Əvvəlki doqquz Pakistan ordu rəhbəri, hərbi karyeralarının bir mərhələsində mütləq Qərbdə hərbi təhsil almışdılar. Munir isə sadəcə Yaponiyada və Malayziyada – Tokio və Kuala Lumpurda – təhsil alıb. O, həmçinin Pakistanın daxili təhlükəsizlik qurumu olan ISI-yə ən qısa müddət rəhbərlik etmiş şəxsdir.
Bu səbəbdən də onun yüksəlişi, həm yerli, həm də beynəlxalq dairələrdə böyük təəccüb doğurdu. Təvazökar başlanğıcı və fərqli profili ilə, 2022-ci ildə Pakistan Silahlı Qüvvələrinin rəhbəri təyin olunması çoxlarına gözlənilməz gəldi.
Tokiodan Tampaya: ABŞ və Pakistan arasında strateji əlaqələr
ABŞ-ın Tampa şəhərində yerləşən Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurella, Pakistanı NATO-ya üzv olmayan əsas müttəfiq kimi qiymətləndirən və onunla əməkdaşlığı qiymətləndirən başlıca şəxsdir. Məhz o, son üç ildə general Asim Munirlə altı dəfədən çox görüş keçirib.
Hər il ABŞ Konqresində keçirilən təhlükəsizlik və kəşfiyyat üzrə dinləmələrdə Pakistanın nüvə arsenalının təhlükəsizliyi və bu ölkənin Yaxın Şərqdə və Qərbi Asiyada sabitlik üçün nə dərəcədə etibarlı tərəfdaş olması müzakirə edilir. Burada Pakistanın Səudiyyə Ərəbistanı ilə olan dərin münasibətləri də xüsusi vurğulanır.
2023-cü ildə general Kurella, ABŞ qanunvericilərini Asim Munirlə olan münasibətinin etibarlı olduğuna inandırmaq üçün ciddi səylər göstərdi. O, Muniri Tampa şəhərində qəbul etdi, Vaşinqtondakı siyasi görüşlərini şəxsən təşkil etdi və onunla yaxın strateji əlaqələrin olduğunu bildirdi. Yaxınlarda Kurella bir daha bəyan etdi ki, ABŞ ilə Pakistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq “mükəmməldən də üstündür”.
Kurella, Pakistan ordusunun Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və digər ərəb ölkələri ilə yaxın münasibətləri sayəsində general Muniri Yaxın Şərqdə sabitliyin əsas dayağı hesab edir. Asim Munir özü də bir neçə il Səudiyyə Ərəbistanında xidmət edib, ərəb dilini səlis bilir və regionun geosiyasi dinamikasını dərindən anlayır. O, Pakistan və ABŞ arasında formalaşmış ortaq təhlükəsizlik arxitekturasının necə işlədiyini və onun daxilində ərəb regionunun rolunu yaxşı başa düşür.
Səudiyyə–Pakistan münasibətləri tarixən həmişə strateji səviyyədə olub. Səudiyyə kəşfiyyatının sabiq rəhbəri şahzadə Turki əl-Feysəl bu əlaqələri belə ifadə etmişdi: “Bizim Pakistanla münasibətlərimiz istənilən digər ölkə ilə olan münasibətlərimizdən daha güclüdür və bunu heç bir müqavilə ilə tənzimləməyə ehtiyac yoxdur.” General Munir, Səudiyyədə keçirdiyi üç illik xidmət dövründə bu münasibətlərə yeni təbəqə əlavə edib və qarşılıqlı inamı daha da dərinləşdirib.
O, Pakistan tarixinin ən güclü hərbi lideridirmi?
Bu sualı Pakistanın hərbi-siyasi jurnalistikasında tanınmış simalardan biri – Vəchahat Səid Xan ünvanlayıb. O, son iyirmi ildən artıq müddətdə Pakistan ordusunu yaxından izləyən bir jurnalist kimi yazır ki, belə bir sualı soruşmaq cəsarət tələb edir. Axı Pakistan ordusunun keçmişində ölkəni faktiki idarə etmiş Ziya ül-Həqq, Əyyub Xan, Pərviz Müşərrəf kimi güclü generallar olmuşdur.
Lakin Asim Muniri onlardan fərqləndirən mühüm bir cəhət var: o, Pakistanın hərbi kəşfiyyat sisteminin hər iki əsas qurumuna – həm Hərbi Kəşfiyyat İdarəsinə (MI), həm də Daxili Kəşfiyyat Xidmətinə (ISI) rəhbərlik etmiş yeganə ordu rəhbəridir. Bundan əlavə, o, Qərbdən təsirlənməyən, müstəqil və xarici liderlər qarşısında əyilməyən bir obraz yaradıb. Keçmiş bəzi generalların Qərb universitetlərinin cazibəsinə düşdüyü halda, Munir belə tendensiyaya meylli görünmür.
Asim Munir cəmi üç il ərzində həm Əfqanıstana, həm İrana, həm də Hindistana qarşı sərt və birbaşa hərbi cavablar verməklə öz mövqeyini ortaya qoyub. İranı Bəlucistan sərhədi yaxınlığında sabitliyi pozmamağa dair açıq şəkildə xəbərdar edib. Hindistan Hərbi Hava Qüvvələrinə aid təyyarələrin vurulması və Hindistan daxilində hərbi hədəflərin bombalanması onun əmri ilə baş verib. Hətta Əfqanıstandakı Taliban rəhbərliyinə qarşı sərt çıxış edərək, onlardan sərhədlərarası silahlı qrupları dəstəkləməyi dayandırmalarını tələb edib – bu, Pakistanın ənənəvi siyasətindən kəskin şəkildə fərqlənirdi.
Baxmayaraq ki, onun hərbi irsini qiymətləndirmək üçün hələ tezdir, bir məsələ artıq aydındır: general Asim Munir hazırda dünya səhnəsinin diqqətindədir. ABŞ və İsrailin İrana qarşı planlarının dəqiqləşməyə başladığı bir vaxtda, Pakistan ordusu onun rəhbərliyi altında regional təhlükəsizlik sistemində açar fiqur olaraq qalır. ABŞ, Səudiyyə Ərəbistanı və Çinlə sıx əlaqələri, Pakistanı həm vasitəçi, həm də müdaxiləçi güc kimi ön plana çıxarır. Mümkündür ki, sabitlik və ya qarşıdurmanın gələcəyi məhz onun siyasətindən asılı olacaq.