Bakı, AzerVoice
Türkiyənin müdafiə sənayesinin aparıcı tədbirlərindən biri olan 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgəsi – IDEF 2025 bu gün İstanbulda işə başlayır.
AzerVoice xəbər verir ki, tədbir Türkiyə Milli Müdafiə Nazirliyinin ev sahibliyi, Prezident Administrasiyasına bağlı Müdafiə Sənayesi İdarəsinin dəstəyi və Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondunun təşkilatçılığı ilə KFA Fuarcılık tərəfindən təşkil olunub.
Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün bildirib ki, bu il IDEF-ə 44 ölkədən nümayəndə heyətləri, 400-dən çox beynəlxalq şirkət qatılıb. Onun sözlərinə görə, sərgidə 180-dən çox ölkəyə ixrac edilən 230-dan artıq məhsul təqdim olunacaq.
Sərgi çərçivəsində Atatürk Hava Limanında açılış mərasimi və quru-hava platformalarının keçid nümayişləri keçiriləcək. Həmçinin Ataköy Marinada 14 dəniz platforması təqdim olunacaq. Bütün bu məkanlar əsas mərkəz olan İstanbul Sərgi Mərkəzi ilə inteqrasiya olunaraq interaktiv şəkildə ziyarətçilərə açıq olacaq.
Haluk Görgün bildirib ki, IDEF sərgiləri beynəlxalq müdafiə sənayesi tədbirləri arasında artıq marka statusu qazanıb və dünyanın ilk 5 sərgisi arasında yer alır.
Bu il tədbirə 33 ölkənin nazirləri, 120-dən çox yüksək rütbəli nümayəndə – baş qərargah rəisləri, nazir müavinləri, qoşun komandirləri qatılacaq. Ümumilikdə 1000-dən artıq rəsmi nümayəndə heyəti gözlənilir.
Haluk Görgün sərginin açılış mərasiminin sabah – 23 iyulda keçiriləcəyini qeyd edib və IDEF 2025-in ölkə və müdafiə sənayesi üçün uğurlu olacağına inandığını bildirib.