BAKI, AzerVoice
Türkiyənin müdafiə sənayesinin aparıcı qurumlarından olan ASELSAN, İstanbulda keçirilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF 2025) çərçivəsində Çelik Kubbe hava hücumundan müdafiə konsepsiyasına inteqrasiya ediləcək beş yeni sistemi ictimaiyyətə təqdim edib.
AzerVoice xəbər verir ki, təqdimat mərasimində Türkiyə Prezident Administrasiyası Müdafiə Sənayesi Sədri Haluk Görgün və ASELSAN baş direktoru Ahmet Akyol da iştirak edib.
Görgün çıxışında bildirib ki, Çelik Kubbe üzərində işlər bütün gücü ilə davam edir və bu layihənin arxasında yüzlərlə mütəxəssisin zəhməti dayanır.
- EJDERHA – Elektromaqnit əsaslı anti-PUA sistemidir. Sürü və kamikadze dron hücumlarına qarşı yüksək gücdə elektromaqnit dalğaları yayaraq onların elektron sistemlərini sıradan çıxarır. 1 kilometrə qədər məsafədə təsirlidir.
- GÖKTAN – Yerüstü platformalardan yüksək dəqiqliklə hədəf zərərsizləşdirir, Tolun mühimmatı ilə təchiz edilmiş yönəldilmiş raket sistemidir. 360 dərəcəlik fəaliyyət qabiliyyəti ilə 6 mərmilə eyni anda atış imkanı verir.
- KORAL 200 – Elektron müharibə texnologiyasının yeni nəsil versiyası olan bu sistem düşmən hava hücumundan müdafiə radarlarını “kor” edərək, Türk hava qüvvələri üçün təhlükəsiz əməliyyat sahəsi yaradır.
- TURAN – Çelik Kubbe elementlərinin koordinasiyasını təmin edən yeni nəsil hərbi rabitə sistemidir. Süni intellekt əsaslı idarəetmə, IP əsaslı rabitə və yüksək təhlükəsizlik səviyyəsi ilə sahədə fasiləsiz əlaqə yaradır.
- GÜRZ – İnsansız quru platforma üzərində qurulmuş, çox qısa mənzilli hava hücumundan müdafiə sistemidir. 8 kilometrə qədər məsafədə sabit və dönər qanadlı PUA-ları və raketləri məhv etmə qabiliyyətinə malikdir.
ASELSAN baş direktoru Ahmet Akyol bildirib ki, Çelik Kubbe yalnız Türkiyənin deyil, NATO-nun da hava hücumundan müdafiə arxitekturasına inteqrasiya ediləcək. Bu baxımdan ASELSAN beş əsas texnologiya təminatçısından biri kimi seçilib.
Akyol, təqdim edilən sistemlərin yalnız konseptual deyil, eyni zamanda sahə sınaqlarından uğurla keçdiyini və yaxın illərdə Türk Silahlı Qüvvələrinin istifadəsinə veriləcəyini bildirib.