BAKI, AzerVoice
Türkiyənin hazırladığı və “ən güclü konvensional bomba” kimi təqdim olunan GAZAP termobarik bombası dünya mediasında geniş əks-səda doğurub.
AzerVoice xəbər verir ki, İngiltərənin The Sun və ABŞ-ın Newsweek kimi nüfuzlu nəşrləri bombanın dağıdıcı təsirlərinə və Türkiyənin müdafiə sənayesində yüksəlişinə diqqət çəkib.
GAZAP dünya səhnəsində: Türkiyənin yeni nəsil bombası
İngilis The Sun qəzeti GAZAP-ı “dünyanın ən dağıdıcı nüvə olmayan bombalarından biri” kimi qiymətləndirib. Qəzetdə bildirilir ki, bomba yerə düşdükdə çıplaq gözlə görünən şok dalğaları və 160 metr diametrində tüstü buludu yaradır. Partlayış zamanı 10 min parçacıq 1 kilometr radiusda yayılır.
Newsweek: Türkiyə regional oyunçu kimi yüksəlir
Amerikan Newsweek jurnalı isə GAZAP-ı “NATO-nun ən güclü havadan atılan konvensional silahı” adlandırıb. Termobarik quruluşu sayəsində oksigenlə reaksiya verərək yüksək temperatur və təzyiq yaradan bomba, ənənəvi MK84 bombalarından üç dəfə daha təsirli hesab olunur.
Newsweek həmçinin Türkiyənin müdafiə sənayesindəki inkişafını vurğulayaraq qeyd edib:
“Türkiyə yalnız silah sistemləri deyil, həm də effektiv regional güc olmaq iddiasını dünyaya bəyan edir.”
“Türkiyənin hərbi texnologiyalarını dünyaya təqdim etdiyi strateji vitrin”
Yaxın Şərqdə fəaliyyət göstərən beynəlxalq Al-Monitor nəşri GAZAP bombasının 22-27 iyul tarixlərində İstanbulda keçirilən IDEF 2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində ilk dəfə nümayiş etdirildiyini diqqətə çatdırıb.
Sərgidə Türkiyənin müdafiə ixracatında böyük uğura imza atdığı bildirilib. Prezident Ərdoğan sərgidə 270 imza mərasiminin keçirildiyini, ümumi müqavilə məbləğinin 9 milyard dolları keçdiyini, bunun isə 5,85 milyard dollarının ixrac yönümlü olduğunu açıqlayıb.
IDEF-ə 900-dən çox Türkiyə şirkəti və 400-ə yaxın xarici şirkət qatılıb. Həmçinin, 44 ölkənin milli pavilyonları sərgidə yer alıb.
Al-Monitor qeyd edir ki, bu sərgi təkcə ticarət baxımından deyil, həm də Türkiyənin hərbi texnologiyalarını dünyaya təqdim etdiyi strateji bir vitrindir.