BAKI, AzerVoice
Türkiyə, müdafiə və təhlükəsizlik başda olmaqla bir çox sahədə son əsrin ən parlaq dövrünü yaşayır.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Dövlətimizin bütün qurumları öz vəzifələrini layiqincə yerinə yetirir. Qarşımıza çıxan maneələrə baxmayaraq, hədəflərimizə doğru addım-addım irəliləyirik. Ölkəmizin yolu da, bəxti də açıqdır. Millətimizin duası və dəstəyi ilə mübarizəmizi əzmlə davam etdiririk. "Türkiyə Əsri"nin qurulmasına dəstək verən hər kəsə təşəkkür edirəm" - deyə, Ərdoğan bildirib.
Ərdoğan həmçinin İstanbulda keçirilən IDEF 2025 sərgisində əldə edilən nəticələrə də diqqət çəkib.
"IDEF 2025-in açılışını etmək üçün İstanbulda idim. Sərgimizə maraq çox böyük idi. 103 ölkə və beynəlxalq təşkilatdan 231 nümayəndə heyəti iştirak etdi. 1 491 şirkətə məxsus təxminən 5 000 məhsul təqdim edildi. 120 min nəfərin ziyarət etdiyi bu möhtəşəm tədbirdə məhsullarımız böyük rəğbət qazandı. IDEF 2025-də 270 imza mərasimi keçirildi və bu imzaların 65 faizi ixracyönümlü oldu. Həm müdafiə gücümüzü artırmaq, həm də milli layihələrimizi reallaşdırmaq istiqamətindəki qətiyyətimizi bir daha ortaya qoyduq" - deyə, Ərdoğan vurğulayıb.
Qeyd edək ki, IDEF 2025 (17‑ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi) 22–27 iyul 2025-ci il tarixlərində İstanbul Sərgi Mərkəzində keçirilib. Bu altı günlük tədbirdə həm Türkiyənin yerli müdafiə sahəsindəki nəhəng şirkətləri, həm də beynəlxalq qurumlar çoxşaxəli stend və təqdimatlarla yer alıb.