BAKI, AzerVoice, Səməd Əyyubov
Fələstin dövlətinin tanınması ilə bağlı atılan addımları məmnuniyyətlə qarşılayırıq.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qabon Prezidenti Bris Oliqi Nqema ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
"İsrailin soyqırım siyasətinə qarşı Afrikadan da güclü reaksiyalar gəlib. Bu faciəyə heç kim səssiz qala bilməz. Əsas prioritetimiz Qəzzaya humanitar yardımların çatdırılmasıdır. Biz bu məsələdə, həmçinin Fələstin dövlətinin tanınmasına yönəlmiş bütün addımları məmnuniyyətlə qarşılayırıq" - deyə, Ərdoğan vurğulayıb.
O, qarşıdakı aylarda Qabonda keçiriləcək parlament seçkilərinin ölkənin sabitliyinə töhfə verəcəyinə ümid etdiyini vurğulayıb. Ərdoğan bildirib ki, bu günki görüşlərdə Türkiyə və Qabon arasındakı əməkdaşlıq imkanları ətraflı şəkildə qiymətləndirilib. O həmçinin bildirib ki, Qabon, Afrikada FETÖ ilə mübarizəyə dəstək verən ölkələrdən biridir.
Türk Hava Yollarının (THY) Qabona birbaşa uçuşlar həyata keçirdiyini xatırladan Ərdoğan, bu ölkədə yeni təhsil müəssisələri açmağı planlaşdırdıqlarını bildirib.
O, Fransa Prezidenti Emmanuel Makronu da Fələstin dövlətinin tanınması ilə bağlı qərarına görə təbrik etdiyini bildirib.
"Biz bu mövzuda siyasi polemikalarla deyil, konkret dəstəklə irəliləmək istəyirik" – deyə, o vurğulayıb.
Qeyd edək ki, Qabon Prezidenti Bris Oliqi Nqema Ankarada rəsmi səfərdədir.